“Mənim velo-məqaləm” mövzusunda yazı müsabiqəsinə yekun vurulub
Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF), Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, “Hədəf” Nəşrləri, “IB CLUB” Gənclərin İnkişaf Mərkəzi, “Velosport” mağazası və “Ladies on Bikes” həvəskar velosiped klubunun birgə layihəsi olan “Mənim velo-məqaləm” mövzusunda yazı müsabiqəsinə yekun vurulub.

Müsabiqə qaliblərinin mükafatlandırılması və layihəyə təqdim olunmuş yazılardan ibarət kitabın təqdimat mərasimi Rəşid Behbudov adına Mahnı Teatrında baş tutub.

Mükafatlandırılma mərasimindən öncə çıxış edən AVİF-in baş katibi Fərhad Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Olimpiya Komitəsinin nümayəndəsi Mehman Kərimov, Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov, “Hədəf” Nəşrlərinin təsisçisi Şəmil Sadiq, “Gənc alimlər” Cəmiyyətinin rəhbəri İlqar Orucov və Yazıçılar İttifaqının üzvü Babək Qoca müsabiqənin əhəmiyyətindən danışaraq müxtəlif yanaşma tərzinə malik yazıları yüksək qiymətləndiriblər. Bildirilib ki, belə müsabiqələrdə fəal iştirak son illər Azərbaycanda velosiped idmanına artan marağın göstəricisidir.

Qeyd edilib ki, müsabiqəyə ümumilikdə 200-ə yaxın yazı təqdim edilib. Onların arasından ən yaxşı 30 yazı “Mənim velo-məqaləm” kitabına salınıb. Yazıların qiymətləndirilməsi “Hədəf” Nəşrlərinin müəyyənləşdirdiyi münsiflər heyəti tərəfindən aparılıb. Turizm və Menecment Universitetinin tələbəsi Cəmilə Şirinova birinci, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov ikinci, Bakı Dövlət Universitetinin magistri Ağalar Qəribov isə üçüncü yerə layiq görülüblər. Müsabiqənin qalibinə Azərbaycanın milli velosiped brendi olan “İsma bikes” velosipedi hədiyyə olunub. “Velosport” mağazası isə ikinci yerin sahibinə velosiped hədiyyə edib.

Bundan başqa, on müəllif həvəsləndirici mükafatlarla təltif olunub.

Xəbər 832 dəfə oxundu.