Xaçmazda voleybol üzrə zona mərhələsinin qalibləri müəyyənləşib
Fevralın 20-də Xaçmaz Olimpiya İdman Kompleksində voleybol üzrə yeniyetmələr arasında Azərbaycan çempionatının zona mərhələsinin qalibləri müəyyənləşib.

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən turnirdə Bakı və Sumqayıt şəhərlərini, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Xızı, Kürdəmir və Qubadlı rayonlarını təmsil edən komandalar mübarizə aparıblar.

Üç gün davam edən yarışa 10 komandanın tərkibində, ümumilikdə, 100-dən çox idmançı cəlb olunub.

Yarışın baş katibi Yaqub Rəsulov bildirib ki, İdman Məktəblərinin IX Respublika Oyunları proqramına daxil olan, 13-14 yaşlı oğlanlar arasında Azərbaycan çempionatının ilk mərhələsi, ümumilikdə, dörd zona üzrə keçirilir. Yarışların zona mərhələsində ilk iki yeri tutan komandalar ölkə çempionatının final mərhələsinə vəsiqə qazanırlar.

Xaçmazda keçirilən yarışda Bakı və Sumqayıt voleybolçuları ilk iki yeri tutaraq final mərhələsinə vəsiqə qazanıblar.

Xəbər 929 dəfə oxundu.