IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarına 32 ölkədən 255 idmançı qatılacaq
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında cüdo və para-cüdo yarışları mayın 13-15-də Heydər Əliyev adına Arenada keçiriləcək.

Bu sözləri Azərbaycan Cüdo Federasiyasının meneceri Tural Piriyev deyib.

O bildirib ki, cüdo yarışlarında qadınlar və kişilər 7, paralimpiyaçılar isə 3-4 çəki dərəcəsində yarışacaqlar. Cüdo üzrə yarışlara 32 ölkədən 255 idmançının qatılacağı gözlənilir. Martda Bakıda təşkil olunacaq “Böyük dəbilqə” beynəlxalq turnirində yerli və xarici idmançılar qüvvələrini sınayacaqlar.

“Bakı-2017”də iştirak edəcək cüdoçuların mayın 10-dan ölkəmizə gələcəyini bildirən federasiya nümayəndəsi idmançılarımızın IV İslam Həmrəyliyi Oyunlarında böyük uğurlara imza atacağına əminliyini diqqətə çatdırıb.

Xəbər 984 dəfə oxundu.