Vladimir Zeman: Bakıda keçiriləcək dünya kubokunun təşkilatçıları böyük işlər görüblər
Batut gimnastikası və tamblinq üzrə dünya kubokunun təşkilatçıları böyük işlər görüblər.

Bu sözləri Avropa Gimnastika İttifaqının batut gimnastikası üzrə texniki komitənin rəhbəri Vladimir Zeman deyib. O, hazırlığın yüksək səviyyədə olduğunu bildirib: “Zal və yarışlar üçün lazım olan hər şey yüksək səviyyədə hazırlanıb. İndi biz hazırlığın son mərhələsindəyik. Sabah yarışlar başlayır və hesab edirik ki, artıq hər şey hazırdır”.

Vladimir Zeman qeyd edib ki, yarışlar zamanı işıqlandırmanın sırf gimnastlara və idman alətlərinə yönləndirilməsi fikri kifayət qədər maraqlıdır: “Bizim idman növünə baxımlılıq çatışmır və bizə yeni üsullar lazımdır ki, tamaşaçılara maraqlı və yeni şeylər nümayiş etdirə bilək. Yarışlardan sonra biz idmançıların fikrini öyrənəcəyik, amma hələlik onlar bu yeniliyə etiraz etməyiblər”.

Batut gimnastikasında qayda dəyişikliklərindən danışan V.Zeman həmin addımın bu idman növünün inkişafı üçün atıldığını deyib: “Bu yeniliklər nəticələri daha obyektiv etməyə imkan verəcək. Üfüqi yerdəyişməni nəzərə alaraq, hakimlər idmançılara daha dəqiq xallar verə biləcəklər. Bakıda üfüqi yerdəyişmələr hakimlər tərəfindən qiymətləndiriləcək. Gələcəkdə isə bunun üçün xüsusi avadanlıq tətbiq olunacaq”.

Xəbər 703 dəfə oxundu.