“Böyük İpək yolu”nun yarımfinalçıları bəlli oldu
“Sərhədçi” Olimpiya-İdman Mərkəzində boksçular arasında “Böyük İpək yolu” beynəlxalq turniri davam edir. İdman.com.az saytının məlumatına görə, artıq yarımfinala vəsiqə qazanan idmançıların adları məlum olub. 56 kq çəki dərəcəsində mübarizə aparan Rəhim Nəcəfov Elvin Mirzəbəylini 17:10 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib. Nəcəfov yarımfinalda Rusiya komandasının üzvü Qriqori Nikolayçukla üz-üzə gələcək. Şimallı boksçu “Baku Fires” klubunun üzvü Məhəmməd Abdulhəmidovu 12:9 hesabı ilə üstələyib. Gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahpələngov da yarımfinala vəsiqə qazanıb.

O, gürcüstanlı Avtandil Qoqotaşvilini 12:7 hesabı ilə məğlub edib. Gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı Elvin İsayev (60 kq) Qətəri təmsil edən Aslan Mukanovu mübarizədən kənarlaşdırıb – 14:7. Azərbaycan çempionatının finalçısı Kamran Baxşəliyev (60 kq) isə 2 qat dünya və 2 qat Avropa çempionu Albert Səlimova (Rusiya) uduzub – 4:13. London olimpiadasında iştirak edəcək Heybətulla Hacəliyev də (64 kq) Qətər nümayəndəsindən üstün olub. Həmyerlimiz Məhəmməd Abdullatifi 1-ci raundda nokauta salıb. Gərgin mübarizə şəraitində keçən döyüşlərdən biri Tamerlan Abdullayevlə Osman Əliyev arasında olub. Son Azərbaycan çempionu “Baku Fires” klubunun üzvü Osman Əliyev üzərində 25:16 hesabı ilə qalib gəlib. Abdullayev yarımfinalda Emil Məhərrəmovla qarşılaşacaq.

Olimpiyaçımız Soltan Migitinov isə Qazaxıstan boksçusu Elik Aljanovla döyüşdə nokauta düşüb. Güclü zərbədən sonra çətinliklə özünə gələn Migitinov döyüşü davam etdirə bilməyib. Onun sağlıq durumu sabahkı müayinədən sonra məlum olacaq. Dünya çempionumuz Məhəmmədrəsul Məcidov isə rinqə çıxmadan növbəti mərhələyə yüksəlib. Onun rəqibi döyüşməkdən imtina edib. +91 kq çəki dərəcəsində iştirakçı az olduğundan boksçumuz artıq birbaşa finala vəsiqə qazanıb. Digər boksçularımızdan Tapdıq Bayramov (60 kq), Pərviz Bağırov (64 kq), Anar Cəfərov (69 kq), Vüqar Kərimov (75 kq) yarımfinala vəsiqə qazanıblar. Yarışa martın 9-da yekun vurulacaq.

Xəbər 1356 dəfə oxundu.