Dünya kuboku: Azərbaycan və Türkiyə güləşçiləri bürünc medal uğrunda görüşdə üz-üzə gələcəklər
İranın Kirmanşah şəhərində böyüklər arasında sərbəst güləş üzrə dünya kuboku yarışları davam edir.

Püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda mübarizə aparıb.

İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4:4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə, 32-29 hesabı ilə öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.

Yarımqrupun son görüşünü komandamız ABŞ idmançılarına qarşı keçirib. Ümumi hesab 4:4 olsa da, texniki xallara görə 20:14 hesabı ilə üstün olan ABŞ idmançıları finala yüksəliblər. Yarışda 74 kiloqram çəki dərəcəsində hesabda öndə olan güləşçimiz Murad Süleymanova hakimlər tərəfindən qeyri-obyektiv qərarlar nəticəsində texniki məğlubiyyət verilib.

Yığmamız digər yarımqrupun ikincisi olan Türkiyə komandası ilə 3-cü yer uğrunda həlledici görüşə çıxacaq. Finalda İran və ABŞ komandaları qarşılaşacaqlar.

Xəbər 536 dəfə oxundu.