Belqradda Azərbaycan himni səsləndi
Dünən Serbiya paytaxtı Belqradda güləşçilər arasında Avropa çempionatı start götürüb. İdman.com.az saytının məlumatına görə, yarışın ilk günü bahadırlarımız üçün uğursuz olub. Belə ki, mübarizə meydanına çıxmış sərbəst güləşçilər - Emin Əzizov (66 kq) ilə Novruz Temrezov (96 kq) və qadın pəhləvan Marziget Baqomedova mükafatçılar sırasına düşməyiblər. Adı çəkilən milli komanda üzvlərindən yalnız Novruz fərqlənib. O, yekunda 5-ci yer tutub.

Bu gün keçirilmiş tutaşmalarda xoş xəbər eşidilib. 60 kq-da güləşən Toğrul Əsgərov Türkiyə, Gürcüstan və Rumıniyadan olan həmkarı üstələyərək, finala adlayıb. Həlledici görüşdə gənc bahadırımız bolqarıstanlı Anatoli Quydeanı məğlub edib (5:0, 2:5, 5:1).

Digər sərbəst güləşçimiz Qalib Əliyev (55) uğursuz nəticə göstərib. Qadınların mübarizəsində Fatimə Baqomedova (51 kq) 5-ci yerə çıxıb. Titullu idmançımız Sona Əhmədli (59 kq) komandamızı medalsız qoymayıb. Bürünc mükafat uğrunda görüşdə qitə çempionu belaruslu Nadejda Mixalkovanı üstələyib (6:0, 3:3).

Xəbər 1355 dəfə oxundu.