Türkiyə futbol üzrə “Avro-2024”ə ev sahibliyi etməyə iddialıdır
Türkiyə Futbol Federasiyası (TFF) 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürəcək.

TFF-nin rəhbəri İldırım Dəmirörən bununla əlaqədar martın 2-də UEFA-ya rəsmi qaydada müraciət edəcəklərini bildirib. Türkiyənin futbol üzrə Avropa çempionatlarına ev sahibliyi ilə əlaqədar daha əvvəl üç dəfə müraciət etdiyini vurğulayan İ.Dəmirörən deyib ki, UEFA “Avro-2024”ün keçiriləcəyi ölkənin adını gələn ilin sentyabrında açıqlayacaq. O bildirib ki, Türkiyə Avropada, hətta dünyada bir neçə il ərzində 32 stadionun inşa olunduğu yeganə ölkədir.

Türkiyənin gənclik və idman naziri Akif Çağatay Kılıç isə ölkəsinin idman sahəsində istənilən mötəbər yarışa ev sahibliyi etmək iqtidarında olduğunu bildirib.

Xatırladaq ki, “Avro-2024”ə ev sahibliyi etmək üçün müraciətlər martın 3-dək qəbul olunacaq.

Xəbər 812 dəfə oxundu.