Snoubord həvəskarları üçün “Şahdağ” Turizm Mərkəzində master-klass
Snoubord həvəskarları fevralın 18-19-da “Şahdağ” Turizm Mərkəzində toplaşacaq.

“Şahdağ” Turizm Mərkəzi və “Red Bull”un təşkilatçılığı ilə keçiriləcək tədbirin qonağı atlet, snoubord və skeytbord ustası Maksim Kruqlov olacaq.

Maksim Kruqlov iştirakçılara snoubord idmanının “park” və “frirayd” üslubu üzrə master-klass keçərək, snoubord sürmənin incəlikləri haqqında tövsiyələr verəcək. Tədbir çərçivəsində snoubord üzrə “The Fourth Phase” filminin təqdimatı da keçiriləcək.

Tədbirin ikinci günü iştirakçılar arasında yarış olacaq və Maksim Kruqlov tərəfindən seçiləcək qalibə “Şahdağ” Turizm Mərkəzi tərəfindən hədiyyə təqdim olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan “Şahdağ” Turizm Mərkəzində qış mövsümündə hər il ənənəvi olaraq bu cür həyəcan və maraq dolu tədbirlər təşkil edilir. Xüsusilə gənclərin həvəs göstərdiyi bu cür tədbirlər böyük marağa səbəb olduğundan, növbəti aylarda xizəkçilik üzrə master–klassın da təşkil edilməsi nəzərdə tutulur.

Xəbər 627 dəfə oxundu.