Mehman Əzizov: Paris turnirinin nəticələri qaneedicidir
Parisdə keçirilən “Böyük dəbilqə” turnirində qazandığımız nəticə qaneedicidir. Çünki bu idman növündə ən mötəbər yarış olan Paris turnirində yeddi idmançı ilə təmsil olunduq və üç medal qazandıq.

Bu sözləri cüdo üzrə Azərbaycan yığma komandasının məşqçisi Mehman Əzizov deyib.

O bildirib ki, Orxan Səfərov (66 kq), Nicat Şıxəlizadə (73 kq) və Hidayət Heydərov turnirin bürünc medalını qazanıblar.

“Paris turnirində medal qazanan Hidayət Heydərov çox gəncdir, onun hələ 20 yaşı tamam olmayıb. Açığını desəm, mən ondan belə nəticə gözləmirdim. Amma o özünü yaxşı tərəfdən göstərdi. Hidayətin yaxşı perspektivi var. On doqquz yaşında belə bir mötəbər turnirdə bürünc medal qazanmaq böyük gələcəkdən xəbər verir. O, Vətənə əlidolu qayıdır. Ümid edirəm ki, bu müvəffəqiyyət onun üçün axırıncı yox, axarıncı olacaq”, - deyə M. Əzizov bildirib.

O, həmçinin qeyd edib ki, Paris turnirindən sonra Azərbaycan idmançıları Romaya gedəcək və bu şəhərdə keçiriləcək Avropa kubokunda qüvvələrini sınayacaqlar.

Vurğulanıb ki, Paris turnirindən sonra bir çox digər komandalar kimi, Azərbaycan yığması da üçgünlük təlim-məşq toplanışında iştirak edəcək və fevralın 16-da Vətənə dönəcək.

M.Əzizov onu da deyib ki, mart ayında Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Böyük dəbilqə” turniri keçiriləcək.

AZƏRTAC

Xəbər 797 dəfə oxundu.