Formula-1 Azərbaycan Qran-prisinə bilet satışı davam edir
Formula-1 Azərbaycan Qran-prisi üçün müxtəlif bilet seçimləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi internet səhifəsi ilə yanaşı, paytaxtın böyük alış-veriş mərkəzlərində, həmçinin digər ictimai əhəmiyyətli yerlərdəki bilet satışı məntəqələrində alıcılara təqdim olunur.

Ötən həftədən etibarən təklif olunan birgünlük və ikigünlük biletləri əldə edən şəxslər tribunalarda əyləşərək trekin müxtəlif yerlərindən yarışı izləməklə yanaşı, Dənizkənarı Milli Parkdakı Formula-1 şəhərciyində keçiriləcək bir sıra əyləncə tədbirlərində, o cümlədən yarış həftəsonunun axşamlarında əsas səhnədə konsert proqramlarında iştirak edə biləcəklər.

Tribunalar üçün nəzərdə tutulan birgünlük biletlərin qiyməti 70-125, ikigünlük biletlərin qiyməti isə 180-440 manat arasında dəyişir. Xarici valyuta ilə ödəniş edənlər üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.

Digər tərəfdən, qiymətləri 200-690 manat arasında dəyişən dördgünlük biletlərin də satışı davam edir. Bu biletləri əldə edənlər Formula-1 Azərbaycan Qran-prisi zamanı həftəsonunun hər üç günündə baş tutacaq yarışları izləməklə yanaşı, trekdən kənarda keçiriləcək əyləncə tədbirlərində, eyni zamanda, iyunun 22-də Pit yolu yürüşündə də iştirak edə biləcəklər.

Yarışı ailəliklə izləmək istəyənlərə 2-15 yaşlarında olanlar üçün “Xəzər” və “Bulvar” tribunalarına xüsusi “Azyaşlı” biletləri təklif olunur. Həmçinin azarkeşlər müxtəlif mövqelərdən yarışı izləməyə imkan verən ayaqüstü yerlər üçün birgünlük biletlər də əldə edə bilərlər.

Formula-1 Azərbaycan Qran-prisi iyunun 23-25-də Bakıda keçiriləcək.

Xəbər 909 dəfə oxundu.