“Financial Fair Play” layihəsinə start verilib
“UEFA Avropa futbolunda, UEFA klub yarışlarında iştirak etmək istəyən klubların maliyyə şəffaflığını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir”. İdman.com.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi, Lisenziyalaşdırma layihəsinin rəhbəri Elxan Məmmədov deyib.

O, futbolda maliyyə məsələlərinin şəffaflığının təmin edilməsi məqsədilə UEFA müxtəlif yeniliklərin tətbiqinə başlaması ilə bağlı fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: “2012-2013-cü il mövsümündən başlayaraq, UEFA Lisenziyalaşdırma prosesində “Financial Fair Play” layihəsinə start verilib. Bununla əlaqədar UEFA tərəfindən yaradılan Klub Monitorinq Nəzarət qurumu yeni İT proqramın tətbiqinə başlayır. Belə ki, bu il iyulun 1-dən etibarən tətbiq olunacaq proqrama uyğun olaraq, UEFA-nın üzvü olan milli assosiasiyalarda fəaliyyət göstərən və UEFA klub yarışlarında iştirak etmək istəyən klubların bir nümayəndəsi ilə məsul şəxs kimi UEFA tərəfindən müqavilə bağlanacaq.

Həmin şəxs UEFA tərəfindən təqdim olunmuş elektron ünvanda təmsil etdiyi klubun maliyyə hesabatlarını müvafiq qaydada doldurmalı və dəqiq göstərməlidir. UEFA-nın Klub Monitorinq Nəzarət qurumu transferlər, vergilər, sosial sığorta, əmək haqlarının ödənilməsi – bir sözlə, klubların maliyyə şəffaflığı ilə bağlı bütün məsələləri nəzarətdə saxlayacaq”.

Məmmədov bildirib ki, əks halda klubları cəza gözləyir: “UEFA-nın irəli sürdüyü maliyyə şərtləri yerinə yetirilmədiyi təqdirdə, klublara ciddi sanksiyalar tətbiq olunacaq. Bunların sırasına UEFA yarışlarından 3 illik müddətə məhrumetmə, böyük məbləğdə cərimələr, UEFA tərəfindən verilən qrantların geri alınması və s. daxildir.

2012-2013-cü il mövsümündən Lisenziyalaşdırmada “Financial Fair Play” və İT proqramının tətbiqi ilə əlaqədar, AFFA bayrağı altında və UEFA klub yarışlarında iştirak etmək istəyən klublar bu məsələyə artıq dərəcədə ciddi yanaşmalı, maliyyə şəffaflığını təmin etməli, transferlər, vergilər, sosial sığorta, əmək haqlarının ödənilməsində borcların yaranmasına yol verməməlidirlər”.

Xəbər 1058 dəfə oxundu.