IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri elan olundu
Fevralın 8-də Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) “Grassroots” proqramı çərçivəsində təqdimetmə mərasimini keçirmək məqsədi ilə İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərini bir araya gətirib.

Bu əlamətdar gün münasibəti ilə təşkil olunmuş tədbirdə AİHOƏK-in korporativ direktoru Elçin Səfərov və digər rəsmilər iştirak edib.

Tədbirdə qeyd edildi ki, IV İslam Həmrəyliyi oyunlarına 100 gündən də az bir vaxt qaldığı bu zamanda idmançı və ulduz səfirlərin bu gün ictimaiyyətə təqdim olunması əlamətdar hadisədir. Cənab Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi Bakımıza dünyanın 53 ölkəsindən təşrif buyuracaq gənc fəalları bir araya gətirməklə bərabər, eyni zamanda ictimaiyyəti bu mötəbər tədbir haqda geniş şəkildə məlumatlandıracaq. Eyni zamanda bildirildi ki, bu tarixi hadisə, İslam ölkələrinin gənclərinə təkcə idman sahəsində deyil, digər sahələrdə də bir-biri ilə əməkdaşlıq etmələri baxımından böyük üfüqlər açacaqdır. Artıq dünyada mötəbər və nüfuzlu tədbirlərə ev sahibliyi etməsi öncül sıralarda dayanan Azərbaycan IV İslam Həmrəyliyi oyunlarına qatılacaq ölkələrə növəbti dəfə bu mötəbər yarışları təqdim etməklə bərabər, eyni zamanda turizm potensialı, tarixini, nümayiş etdirmiş olacaq. Vurğulandı ki, bu gün cəmiyyətə təqdim edilən IV İslam Həmrəyliyi oyunlarının idman və ulduz səfirləri oyunların həmrəylik, sülh, dəyər və mükəmməllik mesajının bütün ictimaiyyətə çatdırılmasında böyük rol oynayacaqlar.

Tədbir zamanı Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov Bakı 2017 İslam Həmrəyliyi Oyunları və Azərbaycanda ilk dəfə tətbiq olunacaq “Grassroots” proqramı haqqında ətraflı məlumat verib. Elçin Səfərov: “IV İslam Həmrəyliyi oyunlarının sıralarına bu gündən etibarən uldüz və idmançı səfir qismində qatılacaq məşhurlarımız yeniyetmə və gənclər arasında idmanın daha da kütləviliəşməsində, icitmaiyyətin IV İslam Həmrəyliyi oyunlarına daha böyük maraq göstərməsində önəmli rol oynayacaqlar. Qələbə və uğur sevincini birgə yaşayıb, paylaşmaq ən gözəl hisslərdən biridir. Əminik ki, idmançı və ulduz səfirlərimizlə bərabər xalqımız oyunlarda iştirak edəcək idmançılarımızın qələbə sevincini birgə yaşayacaq.“

Qeyd edək ki, “Grassroots” proqram idmançı və ulduz səfirlərin vasitəsilə ictimaiyyətə təqdim olunub. IV İslam Həmrəyliyi oyunlarının səfir olaraq seçilmiş ulduz və idmançılıran oyunların təbliği işlərində daha aktiv fəaliyyət göstərəcək, bununla yanaşı geriyə sayım tədbirlərində iştirak edəcək, müxtəlif sosial əhəmiyyətli kampaniyaları dəstəkləyəcək və öz sosial media kanallarından istifadə etməklə, pərəstişkarlar arasında Oyunların təbliğinə dəstəyi təmin edəcəklər.
AİHOƏK rəsmilərinin çıxışından sonra tədbirin aparıcısı idmançı və ulduz səfirləri ictimaiyyətə təqdim edib.

Ulduz səfirlər sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi–2011”in qalibi Mirələm Mirələmov yer alıb.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında idmançı səfirlər olaraq isə, vətənimizi Rəsul Çunayev (yunan-roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvondo), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), İlahə Qasımova (karate), Ruslan Abışov (futbol), Leyla Cavadova (boks), Elmar Qasımov (cüdo), Nazim Babayev (atlet) və Aynur Rzayeva (boks) kimi fəxri idmançılar təmsil edəcək.
Təqdimatdan sonra idmançı və ulduz səfirlər IV İslam Həmrəyliyi oyunlarının mesajı olan “Birlik”, “Sülh” ,”Hörmət” və “Mükəmməllik” ideyalarını ictimaiyyətə geniş şəkildə ötürüb, öz üzərlərinə düşən işin öhdəsindən bacarıqla gəlmək üçün əllərindən gələni edəcəklərini qeyd etdilər.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri karateçi İlahə Qasımova səfir seçilməkdən böyük məmnunluq duyduğunu bildirib dedi: “Bakı 2015 Avropa Oyunlarında ölkəmizə medal qazandıran ilk idmançı olduqda, məni təbrik edən ölkə başçısı cənab İlham Əliyevə söz verdim ki, İslam Həmrəyliyi Oyunlarında da əlimdən gələni edib, qızıl medal qazanacağam. Artıq mənim məsuliyyətim daha da artır. Çünki mən həm səfir, həm də idmançı olaraq xalqımıza yalnız sevinc bəxş etməliyəm.”

Grassroots proqramı çərçivəsində proqrama yerli atletlər ilə yanaşı beynəlxalq atletlər də qoşulub. Bu günə olan beynəlxalq atletlərin təsdiqlənmiş sayı 16 idmançıdan ibarətdir.

Tədbirdə Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının digər ölkələrdən olan səfirləri haqda videoçarx nümayiş olunub. Dubay Kral ailəsinin nümayəndəsi, atıcılıq idmanı üzrə Dünya və Asiya çempionu və 4-cü İslam Həmrəyliyi Oyunlarının səfirləri sırasına qatılan Şeyx Səid bin Məktum bin Rəşid əl Məktumun video müraciəti də qonaqlara təqdim olunub. Şeyx Səid bin Məktum bin Rəşid əl Məktum: “IV İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq hər bir idmançının həyatında bu proqram çox mühüm rol oynayacaq. Məhz “Grassroots” proqramının önəmi onun idman dəyərlərini ictimaiyyətə çatdırması ilə bərabər, eyni zamanda hər kəsi sülh, həmrəylik, hörmət və kamillik ətrafında daha sıx birləşməyə çağırmasıdır.“



Xəbər 712 dəfə oxundu.