Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına biletlərin satış tarixi bəlli oldu
19 mart 2017-ci il 4-cü İslam Həmrəyliyi Oyunlarına biletlərin satışa çıxarılacağı tarixdir.

Bakı 2015 Avropa oyunlarında olduğu kimi, əhalinin bu mötəbər idman tədbirindən yüksək zövq alması məqsədi ilə, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi biletləri münasib və əlverişli qiymətlərlə satışa çıxaracaq.

İki (2) manatdan başlayacaq qiymətlər əhalimizə 10 gün ərzində paytaxtımızda baş tutacaq idman yarışlarını rahat şəkildə izləməyə və oyunlardan zövq almağa imkan yaradacaq.

Ümumilikdə oyunlar zamanı, 20 idman növü üzrə 500.000-dən artıq biletin satışa çıxarılması nəzərdə tutulur.

İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər.

Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzlərinə Park Bulvar, Gənclik və 28 Mall -Ticarət Mərkəzləri daxildir.

Bunula yanaşı, oyunların keçiriləcəyi 16 idman obyektində də biletlərin satış köşkləri açılacaq.

IV İslam Həmrəyliyi oyunlarının baş icraçı direktoru, Gənclər və idman naziri Azad Rəhimov oyunlara 100 gündən də az bir vaxt qaldığı bu müddət ərzində görülən işlərdən söz açarkən qeyd edib ki, qarşıda duran əsas məqsəd əhalimizə unudulmaz bir idman tədbirini nümayiş etdirməkdir. Azad Rəhimov: “ Şəhərimizin demək olar ki, hər yerində bilet satışının təşkili, əhalimizin bu mötəbər idman yarışına marağının artmasına və sevdikləri idman növünü rahat şəkildə seyr etmələrinə şərait yaradacaq. Bizim üçün önəmli faktorlardan biri, əhalinin bilet əldə etməsində rahatlığını təmin etməklə bərabər, eyni zamanda biletlərin qiyməti baxımından da onların məmnunluğudur.”

Bütün 190 idman sessiyaları üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 AZN civarında dəyişəcək. Bakı 2017 Təşkilat Komitəsi 16 yaşına kimi bütün gənc nəsli 13 idman arenasında keçirilən sessiyalar üçün güzəştli biletlərdən yararlanmağa səsləyir.
2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına arena, Milli Gimnastika arenası və Tofiq Bəhramov adına stadionlara təyinatlı biletlərin qiyməti 1 AZN olacaq.
Möhtəşəm Bakı Olimpiya Stadionu dünyanın hər yerindən açılış və bağlanış mərasimlərini izləmək üçün təşrif buyuracaq qonaqları qəbul edəcək. Açılış mərasiminə biletlərin qiyməti 20-200 AZN civarında, Bağlanış mərasimi üçün isə 10-100 AZN arası dəyişəcək.

Xəbər 634 dəfə oxundu.