FIG-in texniki komitəsinin rəhbəri: Azərbaycanda kişi idman gimnastikası sürətlə inkişaf edir
Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları, eləcə də FIG-in qitələrarası hakimlik və bədii gimnastika üzrə beynəlxalq kurslarının əhəmiyyəti böyükdür. Bu kurslar gimnastika hakimlərinə ikinci hakimlik kateqoriyası almaq üçün yaxşı imkan yaradır, həmçinin dünyadakı gimnastika hakimlərinin əksəriyyəti bu kurslarda iştirak edirlər. Ona görə bu tədbirlərdə iştirakçılara yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığımı bildirmək istəyirəm.

Bu sözləri jurnalistlərə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) beynəlxalq idman gimnastikası üzrə texniki komitəsinin rəhbəri Stiv Butçer deyib.

S.Butçer vurğulayıb ki, Azərbaycan FIG-in tarixində təşkilatın bütün tədbirlərini və fəaliyyətini dəstəkləyən ən mühüm ölkələrdən biridir və Bakıda tədbirləri necə keçirmək lazım olduğunu yaxşı bacarırlar. Azərbaycan Gimnastika Federasiyası isə qurumun tarixində ən fəal üzvüdür.

Texniki komitənin rəhbəri əlavə edib ki, kurslar yüksək səviyyədə təşkil olunub. Onları uğurla başa vuran hakimlər Tokioda keçiriləcək Olimpiya Oyunlarındakı gimnastika yarışlarını idarə etmək imkanları əldə edəcəklər. Azərbaycan Gimnastika Federasiyasına bu tədbiri gözəl təşkil etdiyinə görə minnətdaram və kursların başqa şəhərdə deyil, məhz Bakıda keçirilməsindən məmnunam. Çünki Bakı möhtəşəm şəhər, Azərbaycan gözəl ölkədir.

Stiv Butçer qeyd edib ki, Azərbaycanda kişi idman gimnastikasının səviyyəsi ilbəil inkişaf edir. Azərbaycan gimnastlarının nəinki dünya çempionatı, hətta növbəti Olimpiya Oyunlarında yüksək nəticələr əldə etmək üçün yaxşı imkanları var.

“Bakı 2020-ci ildə kişi idman gimnastikası üzrə Avropa çempionatını təşkil etməyə layiq şəhərdir. Bu qərarın qəbulunda Bakının birinci Avropa Oyunlarında gimnastika yarışlarının yüksək səviyyədə keçirilməsindəki təcrübəsi də mühüm rol oynayıb. Beynəlxalq Gimnastika Federasiyasının 2017-2020-ci illərdə Olimpiya dövrü üzrə yeni qaydalarına əsasən, Avropa çempionatlarında da “Tokio-2020”yə lisenziya qazanmaq imkanı olacaq. Odur ki, paytaxtınızda keçiriləcək Avropa çempionatı Tokioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün idmançıların mübarizə aparacağı son yarış olacaq. Bütün bunlar 2020-ci ildə Bakıda keçiriləcək yarışın əhəmiyyətini və ona olan marağı daha da artırır”, - deyə texniki komitənin rəhbəri vurğulayıb.

Qeyd edək ki, kişi idman gimnastikası üzrə 34-cü Avropa çempionatı 2020-ci il mayın 6-10-da Bakıda keçiriləcək. Əvvəllər Azərbaycanda bədii gimnastika üzrə Avropa çempionatları təşkil olunub. Növbəti ildə isə ölkəmiz batut gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək.


Xəbər 522 dəfə oxundu.