Taekvando üzrə yığma komandamız IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşır
Azərbaycanın kişi və qadınlardan ibarət taekvando üzrə yığma komandaları yanvarda keçirilən ölkə çempionatından sonra tam heyətlə təlim-məşq toplanışlarına qatılıblar. Məşqlər gündə üç dəfə olmaqla intensiv davam edib. Təlim-məşq toplanışları fevralın 3-də başa çatıb. Heyətdəki idmançılarımız mayda təşkil ediləcək "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarına, iyunda Koreya Respublikasında keçiriləcək taekvando üzrə dünya çempionatına və digər mötəbər yarışlara hazırlaşmaq üçün bir neçə beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar. Beynəlxalq turnirlərdən sonra "Bakı-2017"də ölkəmizi təmsil edəcək əsas heyəti müəyyənləşdirəcəyik.

Bu barədə Azərbaycanın qadın taekvandoçulardan ibarət yığma komandasının yeni baş məşqçisi Elnur Amanov Oyunlara hazırlıqla bağlı agentliyə müsahibəsində məlumat verib.

Bu təyinata qədər kişilərdən ibarət komandanın böyük məşqçisi vəzifəsində işləyən E.Amanov bildirib ki, qadın milli komandamızın məşqçisi olmaq təklifini məmnuniyyətlə qəbul etdim. Kişilərdən ibarət yığma komandanın baş məşqçisi Reza Mehmandoust, komandanın yeni böyük məşqçisi Rəşad Əhmədov və mən həm qadınlardan, həm də kişilərdən ibarət komandaların təlim-məşq toplanışlarını birgə keçirmişik.

Azərbaycan çempionatından sonra yanvarın 25-dən etibarən 26 taekvandoçu ilə təlim-məşqlərə qatıldıqlarını deyən E.Amanaov məlumat verib ki, Türkiyədə fevralın 6-9-da keçiriləcək klublararası Avropa çempionatında, fevralın 11-14-də "Turkish Open" turnirində iştirak edərək idmançılarımızı sınamaq istəyirik. Bundan başqa, martda Hollandiya və ya Belçikada keçiriləcək beynəlxalq turnirlərdən birinə qatılmağı planlaşdırırıq. İdmançılarımızın zəif tərəflərini aşkarlayaraq aradan qaldırmaq üçün həmin yarışlarda onları yoxlamağı nəzərdə tutmuşuq. Bu beynəlxalq yarışlardan sonra isə mayda Vətənimizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşacağıq.

Baş məşqçi qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarında yerli komanda olduğumuz üçün millimiz səkkiz kişi, səkkiz qadın taekvandoçu ilə mübarizə aparacaq. Rio Olimpiya Oyunlarından fərqli olaraq maydakı "Bakı-2017"də bütün çəki dərəcələrində təmsil olunacağıq.

“İnanırıq ki, "Bakı-2015" ilk Avropa Oyunlarında olduğu kimi, bu Oyunlarda da taekvandoçularımız yaxşı döyüş nümayiş etdirərək yüksək nailiyyətlər qazanacaqlar. Əsas məqsədimiz odur ki, yetirmələrimiz yarış zamanı döyüşməyə tam hazır olsunlar. Azarkeşlərimizin isə IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızı dəstəkləmisini gözləyirik”, - deyə E.Amanov vurğulayıb.

Böyüklər arasında respublika çempionatında fərqlənən gənc və perspektivli idmançılar haqqında danışan məşqçi deyib: “Oğlanların mübarizəsində gənclər arasında dünya ikincisi Qaşım Maqomedov (54 kq) və dünya üçüncüsü Ələsgər Əliyev (68 kq) respublika çempionatında ilk dəfə qalib gəldilər. Bu gənc idmançılarımızın "Bakı-2017"də nəticələr qazanacaqlarına ümid edirik. Həmin çəkilərdə başqa güclü idmançılarımız da var. Türkiyədəki yarışlarda özünü doğruldanlara gələcəkdəki böyük yarışlarda şans verəcəyik. Ümumiyyətlə, çalışırıq ki, hər çəkidə bir-biri ilə rəqabət aparan iki yaxşı idmançımız olsun. Hazırda ağır çəkidə döyüşən Radik İsayevin və Milad Beigi Harçeqaninin Azərbaycanda rəqibləri yoxdur. Odur ki, komandaya perspektivli və gənc idmançıları cəlb edərək yığmada rəqabətin artması üçün çalışırıq”.

Məşqçi əlavə edib ki, qadın təmsilçilərimizdən IV İslam Həmrəyliyi Oyunlarında medal qazanmağa Fəridə Əzizova və Patimat Abakarovaya daha çox ümid bəsləyirik. Gələcəkdəki yarışlarda gənclərə üstünlük verməyə çalışacağıq. Qadın komandasında "Bakı-2017"də döyüşəcək güclü və yerli idmançılar yetişməsi bizim üçün önəmlidir. Odur ki, respublika çempionatında qızların yarışında yüksək nəticələr qazanan taekvandoçularımıza qardaş ölkədəki turnirlərdə bacarıqlarını nümayiş etdirmələri üçün imkan yaradacağıq.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları mayın 16-18-də Bakı İdman Sarayında keçiriləcək. Dünyanın ən yaxşı atletləri üç gün ərzində kişilər və qadınlar üzrə hər biri səkkiz çəki kateqoriyası olmaqla medallar uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, "Bakı-2015" birinci Avropa Oyunlarında taekvando yarışları dörd gün ərzində keçirilmişdi. Azərbaycan taekvandoçuları ilk Avropa Oyunlarında üç qızıl, bir gümüş, bir bürünc olmaqla 5 medal qazanaraq parlaq qələbələri ilə tarix yazmışdılar.

Xəbər 718 dəfə oxundu.