Fransa və Rusiyadan olan peşəkar alpinistlər Azərbaycanda
Fransa və Rusiyadan olan peşəkar alpinistlər qrupu Azərbaycanın görməli yerlərinə səyahətə başlayıb.

7 nəfərlik qrup “Qafqaz-2017” layihəsi çərçivəsində Azərbaycanla yanaşı, Rusiya və Gürcüstanda da olacaq.

Ölkəmizi gəzməyə paytaxt Bakıdan başlayan alpinistlər səyahətləri zamanı yalnız velosiped və xizəkdən istifadə edir.

Fevralın 3-də Qubaya gələn qonaqlar qarşıdakı günlərdə Xınalıq kəndini gəzəcək, Bazardüzü zirvəsinə qalxacaqlar. Dağlıq ərazidən İsmayıllıya keçəcək alpinistlər daha sonra Şəki, Qəbələ və digər dağlıq rayonlarda olacaqlar.

Fransalı alpinist Loran Niknifer bildirib ki, səfərin əsas məqsədi Qafqazı yaxından tanımaq, buranın təbiəti, eyni zamanda, yerli əhalinin yaşayış tərzi barədə məlumat almaqdır.

Yeddi nəfərlik qrupun iki üzvü rusiyalıdır. Onlardan biri - Aleksey Şustrov qruplarındakı səyyahlardan ikisinin həm də alpinizm üzrə ixtisaslaşmış peşəkar həkim olduğunu qeyd edib.

Azərbaycanda 23 gün olacaq alpinistlər Qafqazı gəzdikdən sonra Avropaya qayıdacaqlar.

Xəbər 618 dəfə oxundu.