Azərbaycanın taekvando üzrə milli komandaları Türkiyədə beynəlxalq turnirlərdə iştirak edəcəklər
Antalyada Türkiyə Taekvando Federasiyasının (TTF) və Avropa Taekvando İttifaqının (ATB) təşkilatçılığı ilə “G-1” kateqoriyalı beşinci klublararası Avropa çempionatı və “G-2” kateqoriyalı “Turkish Open” beynəlxalq turniri keçiriləcək. Fevralın 6-da start veriləcək yarışlar fevralın 14-dək davam edəcək.

Əvvəlcə fevralın 6-9-da keçiriləcək “G-1” kateqoriyalı klublararası Avropa çempionatında respublikamızda fəaliyyət göstərən - “Gilan”, “Savalan”, “Qafqaz”, “Zenit”, “1 saylı Gömrükçü”, “Təhsil”, “2 saylı Sumqayıt Gömrükçü”, “Lənkəran”, “Quba”, “Gəncə”, “Fərasət”, “T.İsmayılov”, “Aran” idman klublarının, cəmiyyətlərinin və mərkəzlərinin idmançıları medallar uğrunda mübarizəyə qoşulacaq.

Fevralın 11-də isə dördüncü “Turkish Open” beynəlxalq turniri başlayacaq. Dörd gün davam edəcək yarışa yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız geniş heyətlə qatılacaq.

Yarışlarda ədalət təmsilçilərimizdən isə Azərbaycan Taekvando Federasiyanın (ATF) Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev, Elşad Məmmədov, Tural Vəlibəyov, Ramal Camalov və Coşqun Nadirli iştirak edəcəklər.

ATF-nin vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə fevralın 4-də qardaş ölkəyə yollanacaq komanda ayın 16-da Vətənə qayıdacaq.

Xəbər 1331 dəfə oxundu.