Dördüncü İslam Həmrəyliyi Oyunlarının başlamasına 100 gün qalıb
Mayın 12-22-də Bakıda keçiriləcək və 300-dən çox oyun təşkilatçısını bir araya gətirəcək IV İslam Həmrəyliyi Oyunlarına bu gündən etibarən 100 gün vaxt qalır.

Oyunların açılış mərasiminə qədər qalan bu günü qeyd etmək məqsədilə “Baku Crystal Hall”da 300 könüllü bir araya gəlib.

Könüllülərin geriyə sayımla bağlı təşkil edəcəkləri “Oyunlara 100 gün qaldı” adlı fleşmobun əsas məqsədi gənc və fəal insanları bir araya toplamaq və IV İslam Həmrəyliyi Oyunları barədə ictimaiyyəti daha geniş şəkildə məlumatlandırmaqdır. Bakı 2017-nin korporativ direktoru Elçin Səfərov deyib ki, böyük tədbirlərin təşkilini könüllülərin köməyi olmadan təsəvvür etmək mümkün deyil. İki aylıq qeydiyyat dövrü müddətində ölkənin aparıcı universitetlərindən və təşkilatlarından olan 12 min 500-dən çox namizəd Oyunlara dəstək göstərmək məqsədilə qeydiyyatdan keçib.

Bakı 2017-nin könüllü səfiri Məcid Sofiyev bu Oyunların onlar üçün tarixi hadisə olduğunu bildirib. O deyib ki, Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bu Oyunların bir parçası olmaq bizim üçün qürurverici hadisədir: “Bakı-2015 birinci Avropa Oyunlarının könüllüləri ilə ünsiyyət qurduğumuz zaman onların ruh yüksəkliyi, bilikləri və geniş dünyagörüşləri, yumor hissinə sahib olmaları, ən ümdəsi isə Oyunlarla bağlı xoş xatirələri bizdə də ruh yüksəkliyi yaradır. Əcnəbi qonaqların məhz bir çox könüllülərin simasında Azərbaycana vurğunluqları isə bir gənc olaraq bizdə qürur hissi yaradir”.

Xəbər 668 dəfə oxundu.