IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi Bakı Media Mərkəzi ilə müqavilə bağlayıb
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİSGOC) yarışlar zamanı əsas televiziya yayım xidmətini təmin etmək məqsədilə Bakı Media Mərkəzi ilə müqavilə bağlayıb.

İslam dünyasının idman azarkeşləri mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarını televiziya və internet vasitəsilə ən yüksək səviyyədə izləmə imkanı əldə edəcəklər.

İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən yaradılan və İslam xalqları arasında idman və mədəniyyət əlaqələrinin gücləndirilməsinə yönələn bu Oyunlarda 20 idman növündə, 24 kateqoriya üzrə 50 ölkədən idmançılar mübarizə aparacaqlar.

Müqaviləyə əsasən, Bakı Media Mərkəzi oyunların 80 saatdan çox yayımını həyata keçirəcək. Proqrama əsasən, Oyunların yayımından əvvəl İslam dünyasının, eyni zamanda, Azərbaycanın, Bakının gözəlliklərini, bununla yanaşı, idman aləminin özəlliklərini özündə cəmləşdirən hər biri 5 dəqiqə olmaqla 3 videoçarx təqdim olunacaq.

İdman yarışlarına gəldikdə isə müqaviləyə əsasən futbol yarışlarının qrup oyunları, yarımfinal və final mərhələsi canlı yayımlanacaq. Bakı Media Mərkəzi, həmçinin açılış və bağlanış mərasimlərinin işıqlandırılmasını da təmin edəcək. Eyni zamanda, gün ərzində keçiriləcək yarışların ən parlaq və yaddaqalan məqamlarına dair 54 dəqiqəlik proqram və 5 dəqiqəlik “Xəbər” proqramını təqdim edəcək.

“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının yekununa dair Oyunların nəticələrini və əsas məqamları özündə əks etdirən iki saatlıq proqram da qurum tərəfindən yayımlanacaq.

Bakı Media Mərkəzi Bakıda yerləşən innovativ Azərbaycan şirkətidir. Audio-vizual sahə üzrə bir çox xidmətlər təmin edərək iki əsas istiqamət - video və yayım prodakşn əməliyyatı üzrə mütəxəssisləşir.

Bakı Media Mərkəzi haqda məlumata gəldikdə, qeyd etmək lazıdır ki, bu qurum ölkəmizdə təşkil edilən bir sıra beynəlxalq səviyyəli yarışların yayımını həyata keçirib. Onların sırasına “Bakı-2015” Avropa Oyunları, “Tour de Azerbaijan” veloyürüşü və bədii gimnastika üzrə 30-cu Avropa çempionatı və digər mötəbər idman tədbirləri daxildir.

Beynəlxalq İdman Yayımı ilə partnyorluq əsasında “Bakı-2017” İslam Həmrəyliyi Oyunları zamanı baş TV xidmətlərini təmin edəcək.

Gənclər və idman naziri, AİSGOC-un baş icraçı direktoru Azad Rəhimov Bakı Media Mərkəzi ilə imzalanan müqaviləyə münasibət bildirərkən deyib: “Yayım və media platformalarının imkanlarından tam yararlanaraq geniş media auditoriyası və idman azarkeşlərinə İslam mədəniyyətini və dəyərlərini çatdırmaq, idmanın inkişafını, cəmiyyətdə ona olan marağı nümayiş etdirmək İHİF və “Bakı-2017” Əməliyyat Komitəsinin əsas məqsədidir. Bakı Media Mərkəzində mükəmməl yayım platforması mövcuddur ki, məhz onun vasitəsilə biz İslam Həmrəyliyi Oyunlarını nümayiş etdirmək imkanı əldə edirik”.

Azad Rəhimov 50 ölkədən idmançıların qatılacağı mötəbər yarışın dünya idman ictimaiyyətinin diqqətini cəlb etməklə bərabər, beynəlxalq idman təqvimində xüsusi yer tutacağına əminliyini bildirib.

Bakı Media Mərkəzinin baş icraçı direktoru Orman Əliyev bildirib: “IV İslam Həmrəyliyi Oyunlarının əsas televiziya yayım şirkəti olaraq əməkdaşlığımızdan fəxr hissi duyuruq. Bakı Media Mərkəzinın məqsədi İslam dünyasının televiziya auditoriyasını əhatə edərək, Oyunların yüksək səviyyədə yayımını təmin etməkdir. Öz növbəsində bu, Bakının gözəlliyini, ölkəmizdə idmanın inkişafını və idmana olan marağı, İslam dünyasının mədəniyyətini, tarix və adətlərini nümayiş etdirməkdə bizim üçün önəmli məqamlardandır”.

Xəbər 644 dəfə oxundu.