Dünya çempionatında boksçularımızın hədəfi böyükdür
Ağacan Abiyev: «Hər məşqçiyə zaman lazımdır»

Bu il boksçularımızı ciddi sınaq gözləyir. Sentyabrda Bakıda böyüklər arasında dünya çempionatı keçiriləcək. Sözü gedən mötəbər yarış olimpiya oyunlarına lisenziya verəcək. İlk 8 yeri tutan idmançılar birbaşa London olimpiadasına vəsiqə qazanacaqlar. Milli komandamızın da məqsədi həmin çempionatda bacardıqca uğurlu çıxış etməkdir. Bu niyyətlə ötən ilin sonunda yığmaya yeni baş məşqçi də təyin olundu. İndi rinq ustalarımıza qalır onun tapşırıqlarını vaxtında və düzgün icra etmək, yarışa tam hazır olmaq.
Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev «İdman»ın əməkdaşı ilə söhbətdə nikbin danışıb. Musahibəsində o bildirib ki, kollektivdə nəsil dəyişikliyinə baxmayaraq, yaxın illərdə çətinliklər arxada qalacaq və boksumuz yenidən öz şanlı dövrünə qayıdacaqlar. Komandanın indiki vəziyyəti, qarşıdakı planlar barədə sualları mütəxəssis belə cavablandırıb:
- Milli komandada yüksək ab-hava var. Boksçularımız hazırda Zaqatalada 20 günlük təlim-məşqdədirlər. Bu toplanışda yığma komandanın üzvləri ümumi-fiziki hazırlıqlar üzərində işləyirlər. Gələn ay biz Bolqarıstan və Macarıstanda keçiriləcək beynəlxalq turnirlərdə qüvvəmizi sınayacağıq.
- Ağacan müəllim, bu yaxınlarda yığma komanda yeni baş məşqçiyə tapşırıldı. Sizcə, rusiyalı mütəxəssis işinin öhdəsindən gələ biləcəkmi?
- Bunu zaman göstərəcək (gülür). Necə olacağını mən də bilmirəm. Yevgeni Kotov yaxşı mütəxəssisdir. Amma kubalılar (Xesus Yu Polier və Lazaro Ximenes Martinesi nəzərdə tutur – K.H.) da yaxşı məşqçilər idi. Yekunda nə oldu? Boksçularımız onların sisteminə uyğunlaşa bilmədilər. Yüksək vəziyyətə çatmaq üçün səviyyə də lazımdır. İndi komandamızda gənc bokslar yer alıb. Onların lazımi həddə çatmağına zaman lazımdır.
- Rusiyalı menecer Həmzət Ağayev «Bakı alovları» peşəkar boks klubunda çıxış edən Soltan Migitinovla Osman Əliyevin millmiz üçün faydalı olacağını və onların London olimpiadasına lisenziya qazanağına inandığını bildirib.
- Adını çəkdiyiniz idmançılar hazırda WSB Liqasında mübarizə aparan «Baku Fires» peşəkar klubunun şərəfini qoruyurlar. Həmin boksçuların milli komandamızda mübarizə aparması üçün Rusiya Boks Federasiyasından icazə alınmalıdır. Düzdür, biz yığma kollektivə baxışa legionerlər dəvət edəcəyik. Bu idmançılar mayda Bakıda keçiriləcək respublika seçmə turnirində qüvvələrini sınayacaqlar. Onların səviyyəsinə baxacağıq. Orada özünü yaxşı tərəfdən göstərən legionerlərlə heyətimizi gücləndirəcəyik.
- Bu il boksçularımızı doğma divarlar arasında təşkil ediləcək dünya çempionatı gözləyir. Həmin mötəbər yarışda əsas məqsəd nə olacaq?
- Bacardıqca çox lisenziya əldə etmək. Çünki bu dəfə hədəflərimiz böyükdür. London Yay Olimpiya Oyunlarına böyük heyətlə yollanmaq istəyirik. Üstəlik, əvvəl qazandığımız bürünc medalları bu olimpiadada «gümüş»ə, «qızıl»a çevirmək istəyirik.
- Ağacan müəllim, belədə baza məsələsi də çox vacibdir.
- Ölkəmizin hər yerində olimpiya komplekslərinin, müxtəlif idman qurğularının tikilib istifadəyə verilməsi bir ənənəyə çevrilib. Təbii ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti ilə həyata keçirilən bu işlərdən biz də kənarda deyilik. Bölgələrdə kütləviliyi təmin etmək, maddi-texniki bazanı yaxşılaşdırmaq istiqamətində federasiya bir sıra addımlar atır: regionlarda idman bazaları təmir edilir, onlar müasir rinqlərlə təhciz olunur. Ən əsası isə Bakıda, "Qara şəhər" adlanan ərazidə "Boks evi"nin tikintisidir. Layihə artıq hazırdır. Martda işə başlanılacaq. Sadəcə, havaların istiləşməsini gözləyirik. Çalışacağıq ki, bu idman qurğusunu London Olimpiadasına qədər boksçularımızın ixtiyarına verək.

Söhbətləşdi: Kamran HACI

Xəbər 1719 dəfə oxundu.