Formula-1 Azərbaycan Qran-prisi ilə IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçıları sıx əməkdaşlıq edirlər
Bu il Bakı iki irimiqyaslı idman yarışına ardıcıl ev sahibliyi edəcək. Mayda IV İslam Həmrəyliyi Oyunları, iyunda isə Formula-1 Azərbaycan Qran-prisi Azərbaycan paytaxtında təşkil olunacaq. Hər iki yarışa hazırlıq işləri sürətlə davam etdirilir.

Bu sözləri müsahibəsində “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, hər iki yarışın təşkilatçılığı ilə məşğul olan qurumlar arasında sıx əməkdaşlıq var. Təşkilati işlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılır və yarışlara hazırlığın gecikməməsi üçün lazımi addımlar atılır. Formula-1 Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxtın küçələrində hazırlıq işlərinə martdan başlanacaq. Artıq ikinci mövsümdür ki, Formula-1 yarışı Azərbaycanda təşkil olunacaq. Ona görə də geniş hazırlıq prosesindən söhbət gedə bilməz. Yarışın trekinin konfiqurasiyasında hər hansı dəyişiklik olmayacaq.

“IV İslam Həmrəyliyi Oyunları başa çatdıqdan sonra təhlükəsizlik baryerləri və oturacaqların quraşdırılması prosesinə start veriləcək. Həmin avadanlıq ötən ildən xüsusi anbarlarda saxlanılır. Demək olar ki, hər iki yarışa hazırlıq prosesində heç bir problem olmayıb. Yarışlar arasındakı müddət işlərimizin vaxtında başa çatması üçün kifayət edir”, - deyə N.Arpadarai vurğulayıb.

AZƏRTAC

Xəbər 622 dəfə oxundu.