«Samir Məmmədovun belə uduzmağını gözləmirdim»
Bu gün Bakıda boksçular arasında ənənəvi beynəlxalq «Böyük İpək yolu» turniri başlayıb. İdman.com.az saytının məlumatına görə, 6 gün davam edən yarışda favorit yerli idmançılar sayılırlar. Start günündə ən maraqlı mübarizə milli komandamızın 2 aparıcı üzvü – Şaban Şahpələngov ilə Samir Məmmədov (56 kq) arasında olub. Gərgin və güzəştsiz rəqabətdə ilk adı çəkilən rinq ustası qalib gəlib (15:9). Bu uğurla gənclər arasında dünya birinciliyinin qalibi titullu opponentinə ölkə çempionatındakı məğlubiyyətin əvəzini çıxıb.

Görüşdən sonra Azərbaycan Boks Federasiyasının 1-ci vitse-prezidenti Ağacan Abiyev bizə şərh edib. O deyib ki, Samirin böyük hesabla uduzmasını gözləmirmiş: «Şabanın belə üstünlüklə Samirə qalib gəlməsini ehtimal etmirdim. Nə baş verdiyini düzü, mən anlamadım. Samirin Azərbaycan çempionatındakı döyüşü ilə buradakı arasında yerlə-göy qədər fərq vardı. Zərbələri zəif idi. Vurduğunun çoxu da boşa çıxırdı. Şaban isə qələbəyə istəkli idi. Ona görə də sonda qalib gəldi».

A.Abiyev əlavə edib ki, bu görüşdə son sözü boksçuların taktikası deyib: «Şahpələngov düzgün döyüş tərzi seçmişdi. Samir təcrübəli idmançıdır. O gərək elə edərdi ki, onun taktikası qalib gələrdi. Hakimlərdən narazılığım yoxdur. Onlar bu prinsipal görüşü yaxşı idarə etdilər».

KAMRAN

Xəbər 1891 dəfə oxundu.