5-ci “Böyük İpək yolu”
Bu gün Bakının «Sərhədçi» Olimpiya-İdman Mərkəzində boksçular arasında 5-ci beynəlxalq “Böyük İpək yolu” turniri start götürüb. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan, Türkiyə, Hindistan, Moldova və Qətər idmançıları da mübarizə aparırlar.

Təntənəli açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, bu beynəlxalq turnirin zəngin idman ənənələri ilə dünyada məşhur olan Azərbaycanda keçirilməsi təsadüfi deyil. Ölkəmizin olimpiya hərəkatında fəal iştirakı, idmançılarınızın göstərdikləri yüksək nəticələr respublikamızın idman sahəsində potensial imkanlarını nümayiş etdirməklə bərabər, həm də ölkəmizdə idmana dövlət qayğısının təzahürüdür. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Nazir müavini deyib ki, Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir. Ölkəmiz dünya idmanının inkişafına öz töhfələrini verməkdədir. Müxtəlif beynəlxalq yarışların, qitə və dünya çempionatlarının ölkəmizdə keçirilməsi artıq ənənəyə çevrilib. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda, o cümlədən, olimpiya oyunlarında uğurla çıxış edirlər. İsmayıl İsmayılov əmin olduğunu bildirib ki, Azərbaycan boksçuları bu turnirdə də yüksək nəticələr göstərəcəklər.

Azərbaycan Boks Federasiyasının 1-ci vitse-prezidenti Ağacan Abiyev çıxış edərək boksçulara uğurlar arzulayıb. O qeyd edib ki, ölkəmiz təkcə idman sahəsindəki uğurları ilə deyil, həm də mühüm idman yarışlarının təşkilindəki nailiyyətləri ilə məşhurdur. Bir sıra beynəlxalq idman qurumları dünya səviyyəli yarışların ölkəmizdə keçirilməsinə tərəddüdsüz razılıq verirlər. Bu, onu göstərir ki, həmin beynəlxalq təşkilatlar Azərbaycanı etibarlı tərəfdaş hesab edirlər.
Rəsmi açılış mərasimindən sonra, Azərbaycanın dövlət himni səsləndirilib.


Xəbər 1146 dəfə oxundu.