20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçirilib
Qobustan Rayon Olimpiya İdman Mərkəzində Azərbaycan Qocyuru Okinava Karate do və Kobudo Federasiyasının Qobustan Rayon İcra Hakimiyyəti ilə birgə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş açıq Respublika turniri keçirilib.

Yarışda Bakının Yasamal, Nizami, Xətai, Qaradağ və eyni zamanda respublikamızın Qobustan, Yevlax, Hacıqabul, Şirvan, Göyçay, Zərdab rayonlarından 100-dən çox müxtəlif yaş qruplarında və çəki dərəcələrində idmançılarımız iştirak ediblər.

VKF və kata növləri üzrə keçirilən turnirdə Bakı şəhərindən «Ağ at», «Sərhədçi», «Ruslan», idman klubları, Yasamal, Qaradağ, Qobustan, Yevlax və Şirvan rayonlarından olan idmançılar xüsusilə fərqləniblər. Yarışların birinci mərhələsində idmançılardan Seyid Abbasov, Hüseyn Məmmədov, Rəvan Əkbərov, Fəqan Şərifzadə, Abdulla Abdullayev, Tofiq Sabirli, Zaur Talıbov, Allahverdi Allahverdili, Qasım Zərbəliyev, Nizami Mustafayev fərqlənərək birinci yeri tutublar.

İkinci mərhələdə, kata növləri üzrə isə Şükran Həsənli həmyaşıdları arasında fərqlənərək birinci yerə layiq görülüb. Respublika çempionatının ikincisi Həsən olub. 7 yaşlılar arasında kata növü üzrə isə birinci yerə Yusif Dadaşov layiq görülüb.

Qeyd edək ki, Yusif Dadaşov həm respublika çempionu, həm də MDB ölkələri arasında kata növü üzrə birinci yerə layiq görülən idmançılarımızdandır.

Bütün bu uğurlara görə federasiyanın prezidenti əməkdar məşqçi Tarverdi Allahverdiyev başda olmaqla, qocaman ustad idmançımız Aydın Dadaşov, Fərid Əzizov və adlarını çəkə bilmədiyimiz onlarla idmançılarımızın böyük əməyi var.

Biz də öz növbəmizdə idmançılarımıza gələcək nailiyyətlərində uğurlar arzu edirik və inanırıq ki, onlar Azərbaycan bayrağını daimi ucalarda, dünya arenalarında dalğalandıracaqlar.

E.Maliyev


Xəbər 1524 dəfə oxundu.