Sərbəst və yunan-Roma güləşi üzrə növbəti Azərbaycan çempionatı keçirilib.
Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə növbəti Azərbaycan çempionatı keçirilib.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının (AGF) təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamam olan və yuxarı yaşlı idmançılar iştirak ediblər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyət, klub və təşkilatlarının, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan güləşçilər mübarizə aparıblar.

Azərbaycan çempionatında Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları da mübarizə aparıblar. Yarışlara 18 idmançı ilə qatılan “hərbçilər”dən 10-u medal qazanıb. Olduqca yüksək nəticə əldə edən MOİK idmançıları həm sərbəst, həm də yunan-Roma güləşində medallar əldə ediblər.

Sərbəst güləş yarışlarının ilk günündə Ağahüseyn Mustafayev (65 kq) və Əşrəf Əliyev (74 kq) bürünc medal qazanıblar. Hər iki atlet dörddəbir finalda qalib gəlib, yarımfinalda məğlub olduqdan sonra bürünc medal uğrunda görüşdə rəqibini üstələyib.

Yunan-Roma güləşində isə MOİK idmançıları 8 medal qazanıblar. Bunların 1-i qızıl, 2-si gümüş, 5-i isə bürünc əyarlı olub. Qızıl medalı 80 kiloqram çəki dərəcəsində Rafiq Hüseynov əldə edib. Ümumiyyətlə, bu çəki dərəcəsində bütün medalları “hərbçilər” qazanıb - Nicat Abdullayev ikinci, Eltun Vəzirzadə isə üçüncü olub. Digər medallara Kərim Cəfərov (59 kq, gümüş), Murad Məmmədov (59 kq, bürünc), Şirxan Quliyev (71 kq, bürünc), Soltan İsmayılov (85 kq, bürünc) və Orxan Ələkbərov (98 kq, bürünc) sahib olublar.

Beləliklə, ölkə çempionatında MOİK idmançıları 1 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıblar.

Əlavə edək ki, ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub. Mükafatçı güləşçilər ölkə yığma komandasının heyətinə cəlb olunacaq və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.

Xəbər 683 dəfə oxundu.