Masallıda karate üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Masallı şəhərindəki 3 nömrəli tam orta məktəbdə Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Kyokuşinkai” karate idman növü üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

Yarışın açılış mərasimində çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov və başqaları 1990-cı ilin qanlı yanvar günlərində xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazaraq şəhidlik zirvəsinə ucalan istiqlal mücahidlərinin xatirəsinin həmişə böyük məhəbbətlə anıldığını qeyd edib, yeniyetmə idmançılara qələbə sevincləri arzulayıblar.

Rayon birinciliyində müxtəlif çəki dərəcələrində Əhməd Əliyev, Xatirə Dadaşova, Tural Əliyev, İsmayıl Quliyev, İbrahim Zeynallı, Rahid Məhərrəmov və Yusif Əzizov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 663 dəfə oxundu.