Astaralı idmançılar beynəlxalq yarışda uğurla çıxış ediblər
Astara idmançıları Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan idmanın döyüş növləri üzrə beynəlxalq yarışda uğurla çıxış ediblər.

Dünya Alqaput Federasiyasının Azərbaycan nümayəndəliyi, Azərbaycan Muay-Tay Tayboks Federasiyası, Azərbaycan Kubo Federasiyası, “İnam” Peşəkar Free Fighting İdman Klubu və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan, İraq, İran və Rusiya idmançıları qələbə uğrunda mübarizə aparıblar.

Beynəlxalq yarışda Astara rayon komandasının üzvlərindən İbrahim Məmmədov (70 kiloqram) birinci, Kənan Məmmədzadə (55 kiloqram) və Nurlan Əlizadə (45 kiloqram) ikinci yeri tutublar.

Astara Rayon Gənclər və İdman İdarəsində beynəlxalq yarışda uğur qazanmış gənclərlə görüş keçirilib.

İdmançıları qazandıqları qələbə münasibətilə təbrik edən idarənin rəisi Ərçə Əliyev ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində görülmüş işlərdən danışıb, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurları dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi kimi dəyərləndirib.

Xəbər 681 dəfə oxundu.