“Bavariya” Robbenlə müqavilə müddətini uzadıb
Münxenin “Bavariya” futbol klubu yarımmüdafiəçisi Aryen Robbenlə müqavilə müddətini uzatmağa qərar verib.

32 yaşlı hollandiyalı ilə yeni sazış 2018-ci il iyunun 30-dək qüvvədə olacaq. Klubun idarə heyətinin sədri Karl-Haynç Rummeniqe imzalanma mərasimindən sonra futbolçu haqda fikirlərini bölüşüb: “Robben öz mövqeyində dünyada ən yaxşı futbolçulardan biridir. Komandanın əsas üzvünə çevrilən A.Robben artıq səkkiz ildir “Bavariya”nın heyətində yer alır”.

Hollandiyalı oyunçu 2009-cu ildən “Real”dan “Bavariya”ya transfer olunub. Almaniya çempionunun heyətində, ümumilikdə 219 oyun keçirən hollandiyalı 115 qolun sahibidir. Bundesliqanın cari mövsümdə 10 dəfə meydana çıxan Robbenin aktivində 5 qol və 4 məhsuldar ötürmə var.

O, “Bavariya” ilə beş dəfə ölkə çempionu, dörd dəfə Almaniya kuboku, Superkubok, Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionu titulunu qazanıb.

Xəbər 765 dəfə oxundu.