Yeniyetmə və gənc karateçilərimiz Xorvatiya Qran-prisini 8 medalla başa vurublar
Xorvatiyada yeniyetmə və gənclər arasında karate üzrə beynəlxalq Qran-pri turniri başa çatıb.

Sayca XXVI Qran-pridə yığmamızın 27 idmançısı iştirak edib.

Milli komandamızın üzvləri beynəlxalq turnirdə 8 medal qazanıblar. Mükafatların beşi qızıl, üçü isə bürüncdür.

Xorvatiya Qran-prisində Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, 52 kq), Elcan Məmmədrzayev (60 kq), Asiya Məlikova (-50 kq), İrina Zaretska (68 kq-dan yuxarı, hər üçü 18-20 yaşlı gənclər) və Sahib Əhədov (yuxarı yaşlı fiziki qüsurlu idmançılar arasında) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Mədinə Sadıqova (14-15 yaşlı yeniyetmələr, 47 kq), Vüsal Kamallı (75 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı, hər ikisi 18-20 yaşlı gənclər) isə yarışı üçüncü pillədə başa vurublar. Daha 5 idmançımız bürünc medal uğrunda görüşlərdə qələbəni əldən verib.

Yeniyetmə və gənclərdən ibarət milli komandamızı daha məsul yarış - fevralın 17-19-da Bolqarıstanın paytaxtı Sofiyada təşkil ediləcək növbəti Avropa çempionatı gözləyir. Karateçilərimiz milli komandaların məşqçiləri Anar Allahverdiyev, Qurban Tağıyev, Şahin Xudaverdiyev, Vahid Ayvazov və Vüqar Kərimovun rəhbərliyi ilə qarşıdakı yarışa hazırlıqları davam etdirəcəklər.

Xəbər 753 dəfə oxundu.