Müşfiq İsayevin xatirəsinə həsr edilən güləş üzrə beynəlxalq turnirin açılış mərasimi keçirilib
Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 20-ci beynəlxalq turnirin açılış mərasimi keçirilib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən güləşə göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb. Bildirib ki, son illər Azərbaycanda idman sürətlə inkişaf edir. Sevindirici haldır ki, həmin növlər arasında güləş də özünəməxsus yer tutur.

Güləşin Azərbaycanda tarixən populyar idman növlərindən biri olduğunu deyən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev qeyd edib ki, dövlətimizin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər atletlərimiz yüksək nailiyyətlərə imza atıblar. Bununla yanaşı, respublikamızın idman sahəsində potensial imkanları da artmaqdadır.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev yarışın əhəmiyyətini yüksək qiymətləndirərək yeniyetmə pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışıb.

Çıxışlardan sonra güləşçilər güclərini sınayıblar.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə yerli pəhləvanlarla yanaşı, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər də iştirak edirlər. Yarışın birinci günündə on çəki dərəcəsində 190 sərbəst güləşçi mübarizəyə qoşulub.

Turnirdə ilk üç yeri tutan idmançılar diplom, medal və pul mükafatları ilə təltif ediləcəklər.

Xəbər 737 dəfə oxundu.