İdman dırmanması üzrə Azərbaycan çempionatına start verilib
Yanvarın 14-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə “ClimBaku” idman mərkəzində idman dırmanmasının çətinlik və sürət növləri üzrə açıq ölkə çempionatı keçirilib.

FAIREX-in vitse-prezidenti Arzu Mustafayev turnirin açılışında çıxış edərək çempionatın idmanın bu növü üzrə beynəlxalq federasiyanın qaydaları əsasında təşkil olunduğunu vurğulayıb. Bildirib ki, iki gün davam edəcək turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən klublardan 19 yaşdan yuxarı kişi və qadın idmançılar iştirak edirlər.

Qeyd edilib ki, idman dırmanması ötən ilin avqustunda Olimpiya idman növləri siyahısına salınıb. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək hüquq qazanmaq üçün Azərbaycan yığması beynəlxalq və regional çempionatlara, habelə 2018-ci ildə başlayacaq lisenziya xarakterli turnirlərə mütəşəkkil qaydada qatılacaq.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra turnir açıq elan edilib.

Çempionata yanvarın 15-də yekun vurulacaq. Qaliblər federasiya tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Xəbər 1064 dəfə oxundu.