“Qəbələ” klubu Antalyada ilk yoxlama oyununu keçirib
2016-2017-ci il mövsümünün ikinci yarısına Antalyada hazırlaşan “Qəbələ” futbol klubu yoxlama oyunu keçirib.

“Qırmızı-qaralar” Albaniyanın “Partizani” klubu ilə qarşılaşıb.

Albaniyalıların qapısına həmlələri kəsərli alınan “Qəbələ” ilk yarıda bir neçə dəfə fərqlənməyə yaxın olub. Lakin futbolçularımız təhlükəli hücumları dəqiq zərbə ilə tamamlaya bilməyiblər. Yalnız 43-cü dəqiqədə komandamız istəyinə çatıb. Nika Kvekveskiri cərimə zərbəsindən Tirana təmsilçisinin qapısına yol tapıb – 1:0. Amma “qırmızı-qaralar” üstünlüyünü uzun müddət qoruya bilməyiblər. “Partizani” ilk hissənin son dəqiqəsində hesabda tarazlıq yaradıb. Albaniyalıların heyətində “Kyevo”dan icarəyə götürülən Kaleb Ekuban fərqlənib – 1:1.

İkinci hissədə qonaqların qapıçısı əvvəlcə onunla üz-üzə qalan Asif Məmmədovun, ardınca Cavid Hüseynovun zərbəsini dəf etməklə hesabın dəyişməsinə imkan verməyib. Albaniyalılar isə 84-cü dəqiqədə əldə etdikləri imkandan yararlanıblar. Marko Çetkoviçin ötürməsindən sonra əlverişli mövqedə olan Ardit Yaupayın qol vurmasının qarşısını almağa çalışan Elvin Camalov avtoqol müəllifi olub. Buraxılan qoldan sonra R.Qriqorçukun yetirmələri hesabda tarazlıq yaratmaq üçün irəli atılsa da, bərabərlik qolunu vura bilməyiblər.

Beləliklə, ilk yoxlama oyununda ötən mövsüm Albaniya çempionatının gümüş mükafatçısı olan Tirananın “Partizani” klubu ilə görüşən “Qəbələ” 1:2 hesabı ilə məğlub olub.

Xəbər 798 dəfə oxundu.