“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Beynəlxalq avtoidman sərgisində təmsil olunur
Formula-1 yarışının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) dünyanın ən məşhur avtoidman sərgisində ilk dəfə açdığı stenddə ziyarətçilərə Bakıda keçiriləcək turnirə bilet qazanmaqla yanaşı, simulyator vasitəsilə yarışmaq imkanını təklif edir.

Əməliyyat Şirkəti yanvarın 12-15-də İngiltərənin Birmingem şəhərində yerləşən NEC Arenada keçirilən sayca 27-ci Beynəlxalq avtoidman sərgisində ilk dəfə stend açıb. Formula-1 mövsümü öncəsi keçirilən bu sərgidə Formula-1 bolidləri və digər sürət yarışlarında yer alan avtomobillərlə yanaşı, avtoidman və avtomobil sahələri ilə əlaqədar son yeniliklər ziyarətçilərə təqdim olunur.

Hazırda 30 faizədək endirimli qiymətlərlə Formula-1 Azərbaycan Qran-prisinə dördgünlük biletlərin satışı davam edir. BŞH-nin stendinə gələnlər burada həm Formula-1 təqvimində yer alan ən yeni yarışla bağlı məlumat ala biləcəklər, həm də onlar üçün quraşdırılmış simulyator vasitəsilə Formula-1-in ən sürətli şəhər trekində sürücülük bacarıqlarını nümayiş etdirə və yarış həyəcanını yaşayacaqlar. Eyni zamanda, stenddə lotereya oynanılacaq və uduş qazanan ziyarətçiyə bu il iyunun 23-25-də Bakıda baş tutacaq Azərbaycan Qran-prisi üçün ikinəfərlik səyahət və yarış biletləri veriləcək.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai əməliyyat şirkəti nümayəndələrinin Beynəlxalq avtoidman sərgisinə ilk səfəri barədə danışarkən deyib: “Bu həftəsonu Beynəlxalq avtoidman sərgisinə səfər etmək və orada coşğulu avtoidman auditoriyasına möhtəşəm şəhərimizi və Bakı trekini təqdim etmək imkanına sahib olduğumuz üçün çox şadıq. Bildiyiniz kimi, artıq yarış bu ildən etibarən Azərbaycan Qran-prisi adlanacaq. Biz mümkün olduqca daha çox insana Azərbaycanı və Bakı Şəhər Halqasını tanıtmağa çalışacağıq. Bakıya gələn azarkeşlər sadəcə ən sürətli şəhər trekində dünyanın ən məşhur sürücülərinin gərgin mübarizəsinə şahid olmayacaqlar. Onlar, həmçinin müasirliyi və gözəlliyi ilə yaşından və mədəniyyətindən asılı olmayaraq, hamının diqqətini özünə cəlb edən Bakı şəhərinin müasir və tarixi ənənəsi ilə yaxından tanış ola biləcəklər”, - deyə N. Arpadarai əlavə edib.

Xəbər 605 dəfə oxundu.