Füzuli Musayev: “Olimpiya millimiz Londonda 10 medal qazanacaq”
Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev 2012-ci il London Yay Olimpiya Oyunlarında idmançılarımızın çıxışları ilə bağlı proqnoz verib. İdman.com.az saytının məlumatına görə, tanınmış idmançı lent.az-a açıqlamasında bunu hissiyyatının güclü olması ilə əlaqələndirib. Onun fikrincə, yığmamız London olimpiadasında 10 medal qazanacaq. Bu medallardan 3-nün əyarı isə qızıl olacaq: “İnanıram ki, medallardan biri taekvondodan olacaq. Əlbəttə, istərdik ki, qızıl olsun. Amma medalın fərqi yoxdur, təki taekvondoçularımız da olimpiadadan medal gətirsinlər. Çünki əvvəlki 2 olimpiadada medalın bir addımlığında dayanmışıq. Londonda ilk olimpiya medalımızı qazanmaq istəyirik”.

Hələlik ölkəmiz iyulun 27-də start götürəcək Yay Olimpiya Oyunlarına 30 lisenziya qazanıb. Musayev olimpiadayadək lisenziya sayının 50-yə çatacağına inam ifadə edib. London Yay Olimpiya Oyunlarında 2 taekvondoçumuz – Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaq. Federasiya rəsmisi 2008-ci il Pekin olimpiadası ilə müqayisədə daha çox lisenziya qazandıqlarını söyləsə də, tam heyətlə - 4 idmançı ilə təmsil oluna bilməmələrindən təəssüflənib: “Daha 2 vəsiqə qazanmağa qadir taekvondoçularımız da var idi. Amma əfsus ki, yanvarın sonlarında Rusiyanın Kazan şəhərində təşkil edilmiş Avropa təsnifat turnirində Təvəkkül Bayramovla Günay Ağakişiyeva buna nail ola bilmədi. 4 lisenziyanın hamısını əldə etsəydik, London olimpiadasında onlardan ən azı 2-nin medal qazana biləcəyinə ümidimiz böyük olardı. Amma qismət beləymiş. Hər halda həm Ramin Əzizov, həm də Fəridə Əzizova gənc olmalarına baxmayaraq, öz çəki dərəcələrində kifayət qədər tanınmış idmançıdırlar. Əzizov və Əzizova sonuncu dəfə ABŞ-ın açıq çempionatında finaladək irəliləməyi bacarıblar. Hər iki idmançının olimpiadada da uğurla çıxış edəcəyinə ümidvaram. İnanıram ki, onlar ümidlərimizi doğruldacaqlar”.

Musayev bildirib ki, Ramin Əzizov Ümumdünya Taekvondo Federasiyasının reytinq siyahısında 80 kq çəki dərəcəsində ilk “4-lük”dəki yerini təmin edib. Bu o deməkdir ki, Əzizov olimpiadanın püşkü zamanı öz çəkisindəki digər 3 güclü taekvondoçu ilə yarımfinaldan tez üz-üzə gəlməyəcək. Fəridə Əzizova isə İngiltərənin Mançester şəhərində keçiriləcək Avropa çempionatında qızıl medal qazanarsa, reytinq xallarına daha 50-ni əlavə edəcək. Bu ona da püşkatma zamanı üstünlük verəcək.

Xəbər 2289 dəfə oxundu.