Bakı İdman Sarayında güləş üzrə Azərbaycan çempionatı başlayıb
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı başlayıb.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamamlamış, 1998-ci il və yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparırlar.

Yarışın ilk günündə 57, 61, 65, 70 və 74 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər birincilik uğrunda mübarizə aparırlar.

Yanvarın 13-dək davam edəcək çempionatda çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığmasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.

Xəbər 593 dəfə oxundu.