Azərbaycan Cüdo Federasiyası xüsusi mükafatla təltif olunub
Azərbaycan Cüdo Federasiyası idmanın bu növü üzrə beynəlxalq təşkilat tərəfindən xüsusi mükafatla təltif olunub. Mükafat Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşəbbüsü ilə Bakıda keçirilən hakimlər və məşqçilər üçün beynəlxalq seminarın iştirakçılarının şərəfinə təşkil olunan ziyafətdə təqdim edilib.

Mərasimdə IJF-nin prezidenti Marius Vizer çıxış edərək iki gün ərzində Bakıda keçirilən beynəlxalq seminarın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. ACF-in fəaliyyətini yüksək qiymətləndirən M.Vizer gələn il ölkəmizdə təşkil ediləcək dünya çempionatının da yaddaşlarda dərin iz buraxacağına əminliyini bildirib.

O, cüdonun inkişafındakı xidmətlərinə görə IJF-nin xüsusi mükafatını ACF-in vitse-prezidenti Sadıq Sadıqova təqdim edib.

S.Sadıqov Azərbaycanın dünyada aparıcı idman dövlətləri sırasında yer aldığını vurğulayıb. IJF-nin belə bir mühüm tədbiri Bakıda keçirməsinin əhəmiyyətindən danışan vitse-prezident yeni qaydaların cüdonun inkişafı baxımından önəmli rol oynayacağını qeyd edib.

IJF-nin baş katibi, Fransa Cüdo Təşkilatının rəhbəri Jan Roje Azərbaycanın dünya cüdo ailəsində xüsusi çəkiyə malik olduğunu söyləyib. J.Roje beynəlxalq seminarda qəbul edilən yeni qaydaların ilk dəfə olaraq, gələn ay Parisdə keçiriləcək “Böyük dəbilqə” turnirində tətbiq ediləcəyini açıqlayıb.

Digər ölkələrin müvafiq federasiyalarının rəsmiləri də çıxışlarında seminarın əhəmiyyətini yüksək qiymətləndirib, Azərbaycan cüdosuna nailiyyətlər arzulayıblar.

Xəbər 663 dəfə oxundu.