Millimiz Valentin Qranatkinin xatirə turnirində ilk oyununu keçirib
Azərbaycanı təmsil edən 19 yaşadək futbolçulardan ibarət milli komanda yanvarın 9-da FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə ilk oyununa çıxıb.

Rəqib Litvanın eyni yaş qrupuna aid komandası olub.

Qarşılaşma Litva yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Təbriz Həsənovun rəhbərlik etdiyi komandanın heyətində yeganə qolu 55-ci dəqiqədə Doğukan Öksüz vurub. Oyunun son dəqiqələrində Azərbaycan yığması rəqib qapısına yol tapsa da, baş hakim kobudluq qeydə alıb və qolu saymayıb.

Qeyd edək ki, yığmamız qrupda növbəti görüşünü yanvarın 11-də Qazaxıstana qarşı keçirəcək. Yanvarın 13-də isə millimizə rəqib Slovakiya yığması olacaq. Dörd qrupda ilk iki yeri tutan komandalar dörddəbir finala adlarını yazdıracaqlar. Sonrakı iki pillənin sahibləri isə 9-16-cı yerlər uğrunda mübarizə aparacaqlar.

Xəbər 783 dəfə oxundu.