Olimpiya çempionumuz Radik İsayev beynəlxalq reytinq siyahısında ilk pillədəki mövqeyini qoruyub
Dünya Taekvando Federasiyasının (DTF) cari ilin yanvar ayı üçün reytinq siyahıları açıqlanıb. Siyahı Azərbaycan üçün uğurludur.

Olimpiya və dünya reytinq cədvəlinin ilk onluğunda üç Azərbaycan təmsilçisi yer alıb.

Azərbaycanın millisinin üzvü, Olimpiya və dünya çempionumuz Radik İsayev (80 kq-dan yuxarı) Olimpiya reytinq siyahısında ötən ayda olduğu kimi yenə də bütün rəqiblərindən üstündür. Onun aktivində 504.7 xal var. Dünya reytinqi cədvəlində isə 341.04 xalla R.İsayev ikinci pillədə qərarlaşıb.

“Rio-2016” Olimpiadasının bürünc medalçısı Milad Beigi Harçeqani (80 kq) həm Olimpiya, həm də dünya reytinq cədvəlində üç pillə irəliləyərək 336,23 xalla ikinci yerə yüksəlib.

Avropa Oyunlarının qalibi Ayxan Tağızadə 68 kiloqram çəki dərəcəsində dörd pillə irəliləməklə 175,82 reytinq xalı ilə səkkizinci pillədə qərarlaşıb. İdmançımız dünya reytinq cədvəlində isə 167.67 xalla yeddinci yerə qalxıb.

Taekvandoçularımızın 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasına lisenziya qazanması üçün onların DTF-nin reytinq siyahılarında yüksək yerlərdə mövqe tutması mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, taekvando üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası ötən ilin dekabrında Bakıda keçirilən komandalararası dünya çempionatının qalibi olub. Taekvandoçumuz Milad Beigi Harçeqani isə həmin ay Bakıda keçirilən taekvando üzrə Qran-pri yarışının qızıl medalını qazanmışdı.

Xəbər 601 dəfə oxundu.