Azərbaycanın U-21 millisi Antalyada iki yoldaşlıq oyununda gücünü sınayacaq
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunları keçirəcək.

Yığmamız yanvarın 12-də Almaniyanın “Rot Veis Erfurt”, iki gün sonra isə Qazaxıstanın “Okjetpes” komandaları ilə qarşılaşacaq. Oyunlar, müvafiq olaraq, yerli vaxtla saat 15:00 və 17:00-da (Bakı vaxtı ilə saat 16:00 və saat 18:00) başlayacaq.

Hazırlıq prosesində millimizin heyətində Fəhmin Muradbəyli, Sənan Əlizadə (hər ikisi “Neftçi”), İlyas Səfərzadə, Kamran Nəsirov, Mahir Mədətov (hər üçü “Qarabağ”), Qismət Alıyev, Ramil Həsənov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Roman Hüseynov (hamısı “Qəbələ”), Oleq Hüseynov, Taşkın Sertan (hər ikisi “İnter”), Xəyal Nəcəfov, Yusif Nəbiyev (hər ikisi “Sumqayıt”), Əli Nuri (“Kəpəz”), Təyyar Məmmədov (“Səbail”), Elnur Cəfərov (“NK Dugopolje”, Xorvatiya), Serkan Baloğlu (“Ştutqart”, Almaniya), Ozan Can Kokcu (“Feyenoord”, Hollandiya) və Dmitri Fastov (“Dinamo Kiyev”, Ukrayna) iştirak edirlər.

Qeyd edək ki, Rusiya və Türkiyə klublarının üzvü olan bir neçə futbolçunun toplanış dövründə baxışa dəvət olunması nəzərdə tutulub.

Xəbər 786 dəfə oxundu.