Ağır atletika üzrə yığma komandaların məşqçiləri müəyyənləşib
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Məşqçilər Şurasının iclası keçirilib.

Federasiyanın Rəyasət Heyəti üzvlərinin, həmçinin ağır atletlər, məşqçilər və digər mütəxəssislərin iştirak etdiyi tədbirdə bütün yaş qrupları üzrə yığma komandaların yeni məşqçi heyəti müəyyən edilib.

İclası AAAF-nin vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, həmçinin baş katib Rizvan Rəsulov aparıblar.

Tofiq Heydərov çıxış edərək ötən ayın sonunda keçirilən hesabat-seçki konfransının nəticələri barədə danışıb, görülən və nəzərdə tutulan işlər haqqında məlumat verib. Bildirib ki, iclasda yığma komandaların yeni heyəti müəyyən ediləcək. Bu proses tam demokratik şəkildə – səsvermə yolu ilə həyata keçiriləcək.

Sonra müvafiq yığma komandaların məşqçilərinin ötən altı ay ərzindəki fəaliyyəti barədə hesabatları dinlənilib. Böyüklərdən ibarət yığma komandalarla bağlı Maksum Xasanov, gənclərdən ibarət milli ilə bağlı Kərim Kərimli, yeniyetmələrdən ibarət yığma ilə bağlı Asif Məmmədov çıxış ediblər. Mütəxəssislər gördükləri işlər, əldə edilən uğurlar, həmçinin çatışmazlıqlar haqqında məruzə edib, gələcək planlarını açıqlayıblar.

Məşqçilərlə yanaşı, federasiyanın Rəyasət Heyətinin üzvləri – Fəxri Ağayev, baş katib Rizvan Rəsulov, həmçinin yığma komandaların rəisi Oktay Muxtarov çıxış edərək öz sahələri üzrə hesabatlar verib, işlərin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin operativ həlli, idmançı və məşqçilər üçün ən yaxşı şəraitin qurulması üçün bütün gərəkli – təlim-tərbiyə, intizam, yaşayış, qidalanma, geyim və avadanlıqlarla təminat, yeni zalların qurulması və digər addımların atılmasının vacibliyini vurğulayıblar.

Sonra yığma komandaların məşqçilər heyətinin üzvləri seçilib. Nəticədə əsas yığma Maksum Xasanov, Elnur Hüseynov və Teymur Əliquliyevə, gənclərdən ibarət komanda Kərim Kərimli, Anar Qasımov, İdris Nəbiyevə, yeniyetmələr isə Asif Məmmədov, Elmar Soltanov və Taleh Hüseynovə tapşırılıb.

Qadınlardan ibarət yığmanın məşqçilər heyəti növbəti günlərdə Məşqçilər Şurası tərəfindən müəyyən ediləcək.

Xəbər 1188 dəfə oxundu.