Bakı İdman Sarayında Azərbaycanın ən güclü güləşçiləri müəyyənləşəcək
Yanvarın 11-dən 13-dək Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 18 yaşı tamamlamış, 1998-ci il və yuxarı yaşlı idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaqlar.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarış AGF-nin Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 86, 97 və 125 kiloqram, yunan-Roma güləşçiləri isə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kiloqram çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Proqrama əsasən, sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə 57, 61, 65, 70, 74 kiloqram çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək. Yanvarın 12-də 86, 97 və 125 kiloqramda sərbəst, 59, 66, 71 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri, son gündə isə 75, 80, 85, 98 və 130 kiloqramda yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.

Xəbər 614 dəfə oxundu.