“Mercedes AMG”dən Formula-1 üçün rekord məbləğdə üzvlük haqqı
Formula-1 yarışında komandaların növbəti mövsümdə iştirak etmələri üçün ödəyəcəkləri üzvlük haqqının məbləği sonuncu mövsümdə qazandığı xalların sayından asılıdır.

İdman.com.az “f-1.az” saytına istinadla xəbər verir ki, 2013-cü ildə reqlamentdə edilmiş dəyişikliklərə əsasən, hər bir komanda Beynəlxalq Avtomobil Federasiyasına (FIA) 516 min 128 ABŞ dolları ödəməlidir. Bu məbləğin üzərinə hər xala görə 5161 dollar da əlavə olunur. Amma çempion komandanın qazandığı xallar daha baha – 6 min 194 dollar məbləğində dəyərləndirilir.

Ona görə də qarşıdakı mövsümdə iştirak etmək üçün “Mercedes AMG” komandası rekord məbləğdə üzvlük haqqı ödəməli olacaq. Konstruktorlar kubokunda qazanılmış 765 xal komandaya 5 milyon 254 min 538 dollara başa gələcək.

Sonuncu mövsüm 21 mərhələdən ibarət olduğu üçün FIA-nın yalnız Formula-1 komandalarının üzvlük haqqından gəliri 17 milyon 413 min 134 dollar təşkil edəcək.

Xəbər 674 dəfə oxundu.