“Biz güclü oyunçulara malik komandayıq”
“Bütün oyunçularımıza və məşqçilər heyətinə təşəkkür edirəm. Komanda Marko Şarliyadan başlamış, Uinston Parksa qədər yumruq kimi birlik göstərdi. Biz yaxşı müdafiə olunub, layiqli qələbə qazandıq”. İdman.com.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Denis İvanovs deyib.

Unibank Premyer Liqasının XXII turu çərçivəsində “İnter” üzərində qələbə qazanan “zolaqlılar”ın futbolçuları oyunla bağlı fikirlərini açıqlayıblar. İvanovs komandasına inandığını və mövsümün sonunda hər şeyin yaxşı olacağını düşünür: “Biz güclü oyunçulara malik komandayıq. Bunun nəticəsi özünü göstərməlidir”.

“Bakı”nın digər legioneri Xavyer Junior isə deyib ki, bu qələbəni klubun prezidentindən tutmuş inzibatçıya qədər hamı qazanıb: “Biz bu qələbəyə layiq idik.Futbolçularımız hər gün güclü məşqlər keçirlər. Əvvəllər oyunumuz alınmayanda məğlub olurduq və ya heç-heçə oynayırdıq. Artıq işlər qaydasına düşür. Bu, bütün komandanın qələbəsidir. Biz birlikdə mübarizə aparıb, qələbəni əldə etdik".

Xəbər 1114 dəfə oxundu.