“26-cı dəqiqə” filminin təqdimat mərasimi keçirilib
Bakı Olimpiya Stadionunun konfrans zalında “CBC Sport” telekanalının hazırladığı “26-cı dəqiqə” filminin təqdimat mərasimi keçirilib.

Film Azərbaycan milli komandasının 1996-cı ildə dünya çempionatının seçmə mərhələsində İsveçrə yığması üzərində qələbəsinə (1:0) həsr olunub.

“CBC Sport”un baş direktoru Volkan Üst iştirakçıları salamlayıb və filmin yaradıcı heyətini səhnəyə dəvət edib. Qələbənin 20 illiyinə həsr olunmuş filmin layihə rəhbəri, müxtəlif beynəlxalq festivalların laureatı Azər Cavad Əliyev və müəllif Vəfa Ağabalayeva filmin necə ərsəyə gəlməsindən danışıblar.

Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA-nın sabiq prezidenti Fuad Musayev, Azərbaycan–İsveçrə oyununda millimizin baş məşqçisi olan Kazbek Tuayev, veteran futbolçular və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən sonra Elxan Məmmədov, Fuad Musayev, Kazbek Tusayev və veteran futbolçular təəssüratlarını bölüşüblər.

Elxan Məmmədov üzərində “31 avqust 1996-cı il, 19:26” yazılmış, AFFA-nın hədiyyəsi olan saatları yığmamızın üzvlərinə, məşqçilər heyətinə və o dövrün federasiya rəsmilərinə təqdim edib.

Xəbər 656 dəfə oxundu.