Cüdo üzrə Azərbaycan çempionatının açılışı olub
Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov son illər ölkəmizdə cüdonun inkişafda olduğunu vurğulayıb. Nazir bildirib ki, 2016-cı il Azərbaycan idmanı üçün əlamətdar olub. İdmançılarımızın XXXI Yay Olimpiya Oyunlarındakı uğurlu çıxışından danışan A.Rəhimov deyib: “Qazanılan 18 medalda Azərbaycan cüdoçularının da öz payı var. Olimpiadada cüdoçularımız iki gümüş medal əldə ediblər. Azərbaycanda populyar idman növlərindən olan cüdo ilə müxtəlif regionlarda xeyli sayda gənc məşğul olur. Bu, cüdonun Azərbaycanda inkişafda olduğunu deməyə əsas verir”.

Nazir bildirib ki, Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında qazanılan nəticələr ölkəmizdə cüdonun kütləviliyinə imkan verəcək, bölgələrdə gənc istedadların yetişməsinə şərait yaradacaq. Turnirin əhəmiyyətini yüksək qiymətləndirən nazir iştirakçılara uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli 400-dək kişi və qadın cüdoçunun qatıldığı ölkə çempionatının gərgin və maraqlı idman mübarizəsi şəraitində keçiriləcəyinə əminliyini ifadə edib. Federasiyanın ölkəmizdə cüdonun kütləviliyinə çalışdığını vurğulayan vitse-prezident bu baxımdan ölkə çempionatının rolunu yüksək qiymətləndirib.

Sonra çempionat açıq elan edilib və Azərbaycanın dövlət himni səsləndirilib.

Ölkə çempionatında 48 klubdan 366 cüdoçu (315 kişi, 51 qadın) qüvvəsini sınayır.

Xəbər 1788 dəfə oxundu.