Vüqar Həşimov adına Şahmat Akademiyasında altıncı turun partiyaları başa çatıb
Dekabrın 21-də Vüqar Həşimov adına Şahmat Akademiyasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş beynəlxalq şahmat festivalının altıncı turunun partiyaları oynanılıb.

Festival çərçivəsində açıq turnir, 10 yaşına qədər uşaqlardan ibarət qrupun turniri (hər ikisinin xalları FIDE reytinqində hesablanmaqla), rapid və blits turnirlər keçirilir.

Açıq turnirdə Azərbaycan, İran və Fransadan 89 şahmatçı iştirak edir. Altı şahmatçı – qrossmeyster Ülvi Bacarani, FIDE ustaları Fərid Zeynalov, Andrey Mustafin, Elvin Bayramov, ustalığa namizəd Aydın Süleymanlı və Eldar Musayev altı turdan sonra hərəyə 5 xal toplayıblar. Daha altı şahmatçının aktivində 4,5 xal, on iki şahmatçının isə 4 xalı var.

10 yaşına qədər uşaqlardan ibarət qrupun turnirində 34 azərbaycanlı şahmatçı yarışır. Altıncı turdan sonra turnir cədvəlinə Ziya Məmmədov (5,5 xal) başçılıq edir. Ramil Əhmədov liderdən yarım xal, Nərmin Abdinova bir xal, yeddi iştirakçının hər biri 1,5 xal geri qalırlar.

Rapid və blits turnirləri iştirakçıların ilkin start siyahısına qrossmeysterlərdən Ülvi Bacarani, Vüqar Rəsulov, Zaur Məmmədov, Sərxan Quliyev, Ürfan Sevdimalıyev, beynəlxalq usta Orxan Abdulov və başqaları daxil olublar.

Uşaqlardan ibarət qrupun turniri dekabrın 22-də, açıq turnir dekabr 23-də başa çatacaq.

Turnirin baş hakimi FIDE-nin arbitri Cavanşir Bağırovdur.

Xəbər 636 dəfə oxundu.