Şahmat festivalı davam edir
Beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun adını daşıyan Şahmat Akademiyasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat festivalı davam edir.

Festival çərçivəsində dörd yarış keçirilir: open-turnir, 10 yaşa qədər uşaqlar arasında turnir (bu turnirlərin nəticələri FİDE-nin reytinqinə hesablanır), rapid-turnir və blits-turnir.

Open turnirdə üç ölkəni – Azərbaycan, İran və Fransanı təmsil edən 89 şahmatçı iştirak edir. Dörd turdan sonra Azərbaycan şahmatçısı, FİDE ustası Andrey Mustafin maksimal nəticə ilə turnir cədvəlinə başçılıq edir. 8 şahmatçının (FİDE ustaları Fərid Zeynalov, Məhəmməd Muradlı, ustalığa namizədlər Kənan Qarayev, Aydın Süleymanlı, habelə Amil Abbasov, Eldar Musayev, Altay Eynullayev və Zaur Bayramov) hərəsinin aktivində 3,5 xal var. 13 iştirakçının hərəsi 3 xal toplayıb.

10 yaşa qədər uşaqlardan ibarət qrupun turnirində Azərbaycandan olan 34 iştirakçı qarşılaşır. 4 turdan sonra 4 xal toplamış Ziya Məmmədov ən yaxşı nəticə ilə liderlik edir. Nərmin Abdinova və Ramil Əhmədov liderdən yarım xal, Suada Abbaszadə, Fuad Xanəliyev, Şahin Vəliyev və Fərid Həsənzadə liderdən bir xal geri qalıblar.

Open-turnir dekabrın 23-də, uşaqların turniri isə dekabrın 22-də başa çatacaq.
Turnirin baş hakimi FİDE arbitri Cavanşir Bağırovdur.


Xəbər 708 dəfə oxundu.