Canni İnfantino: Dünya çempionatını boykot etmək problemin həlli deyil
Rusiyanın 2018-ci il və Qətərin 2022-ci ildə ev sahibliyi edəcək futbol üzrə dünya çempionatlarını boykot etmək və bu ölkələrin əlindən yarışın alınması problemin həlli deyil. Bütün dünyada olduğu kimi, Rusiya və Qətərdə də futbolu sevən insanlar yaşayır.

Bu barədə FIFA-nın prezidenti Canni İnfantino Almaniyanın “Spiegel” informasiya portalına müsahibəsində deyib.

Beynəlxalq Antidopinq Agentliyinin (WADA) komissiya rəhbəri Riçard Maklarenin qarşıdakı mundialı boykota çağırması ilə razılaşmayan futbol funksioneri bunu çıxış yolu hesab etmədiyini bildirib: “2010 və 2014-cü illərdə baş tutmuş mundiallarda dopinq yoxlanışı təşkilatçı ölkələr tərəfindən deyil, FIFA tərəfindən həyata keçirilib. Bu qayda Rusiya və sonrakı çempionatlara da aid ediləcək. Çünki ali futbol qurumunun öz antidopinq sistemi mövcuddur. Yarışları keçirmək hüququndan məhrum etmək və boykot heç vaxt çıxış yolu olmayıb. Əgər problemlər varsa, onları həll etmək, müzakirələr aparmaq lazımdır. Biz irəliyə doğru addımlamalıyıq”.

Xatırladaq ki, Rusiyadakı dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

Xəbər 630 dəfə oxundu.