Gülnar qitə çempionatına sensasiya ilə başladı
Türkiyənin Qaziantəp şəhərində qadınlar arasında klassik şahmat üzrə Avropa çempionatı start götürüb. İdman.com.az.saytının məlumatına görə, 100-dən çox şahmatçının, o cümlədən 55 qrossmeysterin iştirak etdiyi yarışda bu gün ilk tur keçirilib. Turnirin reytinqcə 53-cü iştirakçısı olan Gülnar Məmmədova start turunda sensasiya edib. O, çempionatın reytinq ikincisi olan tanınmış gürcü şahmatçı Nana Caqnidzeni qara fiqurlarla məğlub edib.

Zeynəb Məmmədyarova turnirin reytinq üçüncüsu olan ukraynalı Katerina Laxnoyla heç-heçə edib. Zeynəbin bacısı Türkan Məmmədyarova digər ukraynalı Mariya Muzıçukla xal bölüb. Bu iki ölkənin digər duelində Nərmin Kazımova Anna Uşeninaya yenilib. Digər görüşlərdə təmsilçilərimizdən Xəyalə İsgəndərova Marina Romanko (Rusiya) ilə heç-heçə edib,Xəyalə Abdulla Aleksandra Kostenyuka (Rusiya), Nərgiz Umudova Nino Batsialişviliyə (Gürcüstan), Nərmin Söyünlü Tatyana Molçanovaya (Rusiya) məğlub olublar.

Xəbər 911 dəfə oxundu.